Accessibility links

DTX Gömrük Komitəsində vəzifəli şəxslərin həbsi ilə bağlı rəsmi məlumat yayıb


DTX əməliyyat keçirir
DTX əməliyyat keçirir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Dövlət Gömrük Komitəsindəki həbslərlə bağlı rəsmi məlumat yayıb. Yerli medianın məlumatlarına görə, həbs edilənlər arasında gömrük generalları da var.

DTX-nın məlumatında deyilir ki, araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib.

“Qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb,” deyə məlumatda deyilir.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, iyunun 22 -də məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nazirlik həmçinin qeyd edib ki, aparılan istintaqla Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərov həbs edilib.

"Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib"deyə rəsmi məlumatda qeyd edilib.

Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, iyulun 1-də məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovun saxlanılmasına aydınlıq gətirilib.

“Öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub” deyə məlumatda qeyd edilib.

Həmçinin rəsmi məlumatda qeyd olunub ki, Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrinin Ermənistanın təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov iyulun 14 –də 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Adı çəkilən şəxslərin ailəsindən və vəkillərindən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG