Ziyalılar Forumu gənclərin problemlərini müzakirə edib (AUDİO)

Ziyalılar Forumu gənclərin problemlərini müzakirə edib (AUDİO)

Toplantıda gənclərin təhsil, məşğulluq, mənzil təminatı problemləri diqqət mərkəzində olub. Rüstəm İbrahimbəyov Amerikanın Səsi radiosuna müsahibə verib.

Azərbaycan Ziyalılar Forumu bu günki toplantısını yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində keçirib. Toplantıda gənclərin problemləri mövzusu ətrafında müzakirələr aparılıb.
Tarixçi alim Cəmil Həsənli bildirib ki, gənclərin problemləri çox aktualdır və cəmiyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. “Dünyanın qloballaşması, innovasiya texnologiyalarının insan həyatına daxil olması ictimai-siyasi proseslərdə gənclərin rolunu ön plana çıxarır”.
İqtisadi Təhqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu gənclərin taleyində siyasi və iqtisadi problemlərin rolu haqqında danışıb. Cənab İbadoğlunun məruzəsi təhsil, gənclərin məşğulluğu, mənzil təminatı, neft gəlirlərindən nə dərəcədə bəhrələnməsi problemlərini əhatə edib. “2011-ci ildə orta məktəbi bitirənlərin 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib. Ölkə üzrə işsizlərin 57 faizini 35 yaşınadək gənclər təşkil edir. Ötən ilin statistikasına əsasən, 20-34 yaş arasında olan 2,1 milyon gənc var, onların da əksəriyyəti işsizdir. 18-36 yaş arasındakı gənclərin 20 faizinin mənzilə ehtiyacı var, onların sayı 420-450 min nəfər arasında dəyişir. Sosial ipotekaya ayrılan vəsaitlə isə hər il orta hesabla cəmi 571 gəncin mənzil problemini həll etmək mümkündür. Bu minvalla hakimiyyətin gənclərin mənzil problemini həll etməsi üçün 788 il lazımdır”.
Ekspert neft gəlirlərinin də nəsillər arasında ədalətsiz bölündüyün diqqətə çatdırıb.
Uğurlu İnkişaf Təşkilatının müxtəlif foks qrupları arasında keçirdiyi sorğuya görə, gənclərin əksəriyyəti ölkədə ictimai-siyasi vəziyyəti gərgin və böhranlı kimi qiymətləndirib. Sorğuda iştirak edənlər gənclər ümidsizlik, əlacsızlıq və qorxunun onların hisslərinə təsir etdiyini önə çəkib. Sorğunu təqdim edən Nərmin Rəhimli bildirib ki, respondentlərin 78 faizi ölkədə başlıca problem kimi təhsilin keyfiyyətinin aşağı olmasını, 74 faizi korrupsiyanı və 54 faizi məmur özbaşınalığını göstərib.
Hüquqşünas Erkin Qədirli deyib ki, Azərbaycan getdikcə daha çox təhsilsiz insanlar problemi ilə üzləşir. Məktəblərdə oxuyanların və ali məktəblərə daxil olanların sayının azalması təmayülü yaranıb. Neft gəlirlərinin paylanması şəffaf və ədalətli deyil. Onun fikrincə, ölkədə narazılığın artması sosial partlayışa aparır. “Bu gün gənclər böyüdüklərindən daha tez yaşlanır”.
Rüstəm İbrahimbəyov Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, Ziyalılar Forumunun Hilton və Hyat Recensy otellərində planlaşdırılan toplantısı son anda pozulub. “Bu səbəbdən də toplantını öz evimdə keçirdik”.
O hökumətin birbaşa olmasa da media vasitəsi ilə Ziyalılar Forumuna qarşı təzyiq etdiyini bildirib.
Yazıçı Əkrəm Əylisli prezident İlham Əliyevə müraciət edərək gənc fəal Bəxtiyar Hacıyev həbsdən azadlığa buraxılmasını istəyib. “Xaricdə təhsil alan şəxsin öz ölkəsinə qayıdandan sonra həbs olunması yaxşı hal deyil. Mən Bəxtiyarın yazılarını izləyirəm. Görürəm ki, çox ağıllı gəncdir. Belə gəncin həbsdə saxlanması yolverilməzdir. Bir daha öz adımdan və forum adından Azərbaycan prezidentinə müraciət edirəm ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına yardımçı olsun”.