Dünya şöhrətli alim Rafiq Əliyev oktyabrın 5-də Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (vəzifəsinin öhdəsindən gəlməmək) Azərbaycan Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri vəzifəsindən azad edilib. Professor vəzifədən azad edilməsini şərh etmir, məlumatlı mənbələr isə bildirir ki, bu qərar onun 4 noyabrda Ziyalılar Forumunda çıxışından sonra yuxarıdan tapşırıqla qəbul edilib.
R.Əliyev öz çıxışında ölkədəki situasiyanı mürəkkəb, ağır nəticələr verəcək vətəndaş qarşıdurması doğura bilən vəziyyət kimi xarakterizə edib. Başqa natiqlər kimi o da artan dramatik qarşıdurmanın qarşısını almaq üçün hakimiyyətlə cəmiyyət arasında dialoq qurulmasının zəruriliyini qeyd edib. Məlumdur ki, professor Əliyevin fəal üzvlərindən olduğu Forum hakimiyyətə və cəmiyyətə sərt və açıq müraciət hazırlayaraq demokratik və ədalətli cəmiyyət quruculuğuna keçmək üçün dialoqun zəruriliyini bildiriblər. Müraciətin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Ziyalılar Forumu 2 il öncə formalaşıb. Orada geniş xalq kütlələrini narahat edən məsələlər səsləndirilir və müzakirə olunur. Yarım il əvvəl Forum yeddi maddədən ibarət Milli Həmrəylik Manifesti irəli sürüb. Orada həmrəyliyə nail olmaq üçün bir sıra məsələlərin həlli zərurətindən danışılır. Bunlar eks-prezidentlərin statusunun qanunvericilkdə həllini tapması, geniş siyasi və iqtisadi amnistiya, islahatçı hökumət yaradılması, Konstitusiya islahatları, proporsional-majoritar seçki sisteminə qayıdılması, ölkənin beynəlxalq öhdəlikləri yerinə yetirməsidir. Rafiq Əliyevin vəzifədən azad edilməsi müstəqil KİV-in müzakirə mövzularından biri olub. Ziyalılar Forumu bu hadisəyə öz mənfi münasibətini bildirib. Məşhur dramaturq Rüstəm İbrahimbəyov hadisəyə çox qısa şərh verib: "Bu, dəhşətdir". "Ziyalılar Forumu yaxın günlərdə bu hadisəni qiymətləndirəcək", deyə politoloq Eldar Namazov qeyd edib. O, deyib ki, Əliyev dünya şöhrətli alimdir və dəfələrlə Nobel mükafatına namizəd göstərilib. Rafiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Corciya (ABŞ), Zingen (AFR), Təbriz (İran) universitetlərinin professorudur. İki ildən bir Əliyevin rəhbərliyi ilə Avropada və dünyanın başqa yerlərində «Qeyri-səlis sistemlərin tətbiqi» beynəlxalq elmi konfransları keçirilir.