Accessibility links

Ziyalılar Forumu vətəndaş cəmiyyəti təşəbbüsləri ilə bağlı dinləmə keçirib


Dinləmələrdə vətəndaş cəmiyyəti institutlarına yaradılan maneələr, vətəndaş təşəbbüslərinin boğulması, media azadlığına qarşı cəhdlər və bu kimi digər məsələlərə də toxunulub.

Azərbaycan Ziyalılar Forumu “Azərbaycanda vətəndaş cəmiyyəti təşəbbüsləri” mövzusunda dinləmələr keçirib. Forumda vətəndaş cəmiyyətinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin islahatların dərinləşdirilməsində, şəffaflığın yaradılmasında rolu diqqət mərkəzində olub.

“Azərbaycan cəmiyyətində mövcud olan problemlərin kökü güclü vətəndaş cəmiyyətinin olmamasındadır”, - deyə Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov qeyd edib.

Dinləmələrdə vətəndaş cəmiyyəti institutlarına yaradılan maneələr, vətəndaş təşəbbüslərinin boğulması, media azadlığına qarşı cəhdlər və bu kimi digər məsələlərə də toxunulub.

Jurnalist araşdırılmaları nəticəsində üzə çıxarılan qanun pozuntuları, korrupsiya halları, vətəndaş cəmiyyətlərinin monitorinqləri zamanı müəyyən edilmiş qanun pozuntularına hökumət və hüquq mühafizə orqanları qiymət vermir. Araşdırmalar zamanı hakim ailənin, ayrı-ayrı oliqarx məmurların şübhəli biznes fəaliyyətləri, büdcə vəsaitlərini talama faktlarının aşkarladığı nəzərə çatdırılıb.
Turan Agentliyinin direktoru Mehman Əliyev 2010-cu ilin may-iyun aylarında baş verən Kür daşqınlarının aradan qaldırılmasına ayrılan dövlət vəsaitinin xərclənməsi zamanı yol verilən qanun pozuntularını diqqətə çatdırıb. O Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, indiyədək daşqınların aradan qaldırılması məqsədi ilə hökumət 400 milyon manatdan çox vəsait ayırıb. Daşqınlar nəticəsində 20 min ev su altında qalıb. “Lakin, ayrılan vəsaitin müqabilində sakinlərin ev problemləri hələ də həllini tapmayıb. Tikilən evlərin qiymətləri şəffaf deyil. Çünki heç bir evin smetası ictimaiyyət üçün açıqlanmır. Verilmiş kompensasiyaların miqdarı və kimlərə verilməsi barədə də siyahılar mediada dərc edilməyib”.

Onun sözlərinə görə, sakinlər kompensasiyaların ədalətli paylanmadığını və korrupsiya hallarının olmasını iddia edir. “Artıq sakinlərin 100 şikayəti məhkəmələrdə baxılır. Daha 600 sakin isə korrupsiya halları ilə bağlı məhkəmələrə müraciət etməyə hazırlaşır”, - deyə cənab Əliyev qeyd edib.

O “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsini siyasi sifariş adlandırıb. “Oqtay Gülalıyevin həbsi prezident sərəncamı ilə daşqınların nəticələrinin aradan qaldırılması üçün əlavə 50 milyon manat ayrıldıqdan bir neçə gün sonra baş verib. Çünki, Gülalıyev sakinlərlə birgə korrupsiya və rüşvət hallarını araşdırırdı. İndiki zamanda ictimai nəzarət yerli hakimiyyətə sərf etmir. Hakimiyyət “Kür” Vətəndaş Cəmiyyəti Qərargahını ictimai nəzarətdən kənarlaşdırmaq istəyir”.

Xatırladaq ki, Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndi ərazisində həbs edilib və barəsində 12 sutka inzibati həbs seçilib. Minbaşı kənd sakinləri kompensasiyaların ədalətsiz paylanması və korrupsiya hallarının qarşısının alınması çağırışı ilə artıq 3 dəfə etiraz aksiyası keçirib, körpünü bağlayıb. “Kənd sakinləri paylanmış kompensasiyaların kimə verilməsi və miqdarı barədə məlumat olan siyahının kənddə hamının görə biləcəyi bir yerdən asılmasını tələb edir. Bu tələb isə yerinə yetirilmir”, deyə Əliyev vurğulayıb.

Bu gün Şirvan Apellyasiya Məhkəməsi Oqtay Gülalıyevin apellyasiya şikayətini təmin etməyərək onu həbsdə saxlayıb.
Məhkəmədə Gülalıyev bildirib ki, həbs zamanı onun müdafiə hüququ pozulub. O, həmçinin təqsirsiz olduğunu deyib və azad olunmasını tələb edib.

Öz növbəsində, hökumət korrupsiya və rüşvət hallarına qarşı uğurlu mübarizə aparıldığını bildirir. Prokurorluq orqanları son aylar ərzində korrupsiya cinayətləri ilə həbs edilmiş vəzifəli şəxslər barədə məlumatlar yayır. Amma, müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri həbs edilənlərin orta və kiçik məmurlar olduğunu bildirir. Onların iddialarına görə, böyük korrupsiya əməllərini yüksək vəzifəli məmurlar idarə edir.

XS
SM
MD
LG