Accessibility links

Oqtay Gülalıyevə qarşı cinayət işi qaldırılıb


O Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur.

Aprelin 19-da Sabirabad Rayon Prokurorluğu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin barəsində Cinayət Məcəlləsinin 220.2 maddəsi ilə (hökumət nümayəndəsinin tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırışlar etmə) cinayət işi qaldırıb. Dünən, O.Gülalıyevin 12 gündəlik inzibati həbs cəzasının başa çatmasına bir gün qalmış Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Kürdəxanıdakı istintaq təcridxanasına aparılıb.

Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində yerli sakinlərlə görüş zamanı saxlanılıb. Bundan əvvəl sakinlər mitinq keçirərək 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ədalətli paylanmasını tələb edib. O.Gülalıyev vətəndaşların şikayətlərini qəbul edib və onların tələblərini dəqiqləşdirib. Aprelin 9-da məhkəmə Minbaşı kənd bələdiyyəsinin rəhbəri Rufulla Qocayevin müraciəti əsasında onu CM-in 296-cı maddəsi (xırda xuliqanlıq) inzibati həbsə məhkum edib. O. Gülalıyev 2010-cu ilin yayından daşqınların nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, icra orqanlarının vətəndaşları aldatması faktları aşkar edilib. O.Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə adam dövlət tərəfindən ala bilmədiyi kompensasiyanı, evi və digər yardımı alıb. Son qərar Aran zonasında 8 rayonu əhatə etmiş daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manatın ayrılması barədə Azərbaycan prezidentinin fərmanıdır.

XS
SM
MD
LG