Accessibility links

İnsan Haqları Evi şəbəkəsi hüquq müdafiəçisinin dərhal həbsdən azad edilməsini tələb edir


İnsan Haqları Evi şəbəkəsi vətəndaş fəalı və jurnalist Oqtay Gülalıyevin həbsindən və onunla pis rəftardan çox narahatdır.

İnsan Haqları Evi şəbəkəsi prezident İlham Əliyevə müraciət edərək vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin dərhal və şərtsiz azadlığa buraxılmasını və tam reabilitasiyasını tələb edib. Müraciəti İnsan haqları Evi Fondunun beynəlxalq şəbəkəsinin 52 təşkilatı imzalayıb.

Məktubda deyilir ki, İnsan Haqları Evi şəbəkəsinin üzvləri vətəndaş fəalı və jurnalist Oqtay Gülalıyevin Sabirabad rayonunda həbsindən və onunla pis rəftardan çox narahatdır. “Biz əminik ki, bu cür repressiv tədbirlər Oqtay Gülalıyevin insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyəti ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətini Oqtay Gülalıyevi dərhal və şərtsiz azad etməyə, onun tam reabilitasiyasını təmin etməyə çağırırıq”.
Oqtay Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah 2010-cu ilin mayında kür çayında baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasında hökumətə yardım göstərilməsi məqsədilə bir neçə qeyri-hökumət təşkilatını birləşdirir.
Daşqınlar Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Zərdab, Hacıqabul, Neftçala rayonlarına, Şirvan şəhərinə ciddi ziyan vurub, 100 min hektardan çox ərazi, 20 mindən çox ev su altında qalıb.
Bundan əlavə, O.Gülalıyev “Hasilat sənayesində şəffaflığın artırılması” Koalisiyasının monitorinq qrupunun üzvüdür. O, Demokratik İslahatlar İctimai Birliyinin sədri, “Şəffaflıq” və “Kür-Araz” jurnallarının redaktorudur.
O.Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinqlər keçirən yerli sakinlərlə görüş keçirərkən saxlanıb. O, xuliqanlıqda, ictimai yerdə təhqiramiz ifadə işlətdiyinə görə həbs edilib. Həbs Minbaşı bələdiyyəsinin rəhbərinin şikayəti əsasında həyata keçirilib. O İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə 12 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Aprelin 19-da inzibati həbs müddətinin bitməsinə bir gün qalmış O.Gülalıyevə qarşı CM-in 220.2-ci maddəsi (hakimiyyəti nümayəndəsinin tələblərinə tabe olmama və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) ilə cinayət işi açılıb və barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib.

XS
SM
MD
LG