Accessibility links

Vəkil vətəndaş cəmiyyəti fəalına qarşı iərli sürülən ittihamı əsassız sayır (Audio)


Vəkil İmanov Otqay Gülalıyevin qeyri-insani davranışa məruz qaldığını bildirir

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda vətəndaş cəmiyyətinin fəalı (“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru) Oqtay Gülalıyevin həbsini pisləməkdə davam edir.

Hüquq Müdafiəçilərinin Qorunması üzrə Observatoriyanın (İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya və Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın birgə proqramı) bəyanatında deyilir ki, observatoriya Oqtay Gülalıyevin həbsindən və təqiblərə məruz qalmasından, həmçinin ona qarşı fiziki zorakılıqdan narahatdır. “Bu addımlar nəinki onun hüquqlarının, həm də korrupsiya faktlarının monitorinqi və sosial ədalət uğrunda fəaliyyətinin pozulmasıdır”.
Observatoriya beynəlxalq birliyi Azərbaycan hakimiyyətinə bu tələblərlə müraciət etməyə çağırıb:

- Oqtay Gülalıyevin, həmçinin digər hüquq müdafiəçilərinin fiziki və psixoloji təhlükəsizliyinə zəmanət verilsin;

- Oqtay Gülalıyev dərhal azadlığa buraxılsın, ona qarşı zorakılıq faktları araşdırılsın və günahkarlar cəzalandırılsın;

- Oqtay Gülalıyevin və digər hüquq müdafiəçilərinin təqib olunması praktikasına son qoyulsun.

Observatoriya BMT-nin İnsan Hüquqları Bəyannaməsinin müddəalarının icrasının təmin olunmasını, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində bütün norma və standartların tətbiqini tələb edib.

Hüquq müdafiəçilərinin qorunması üzrə observatoriya (müşahidə) - insan hüquqları üzrə Beynəlxalq Federasiya və Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın birgə proqramı həmçinin cənab Gülalıyevin dərhal azadlığa buraxılmasını, zorakılıq faktlarının araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqından ziyan çəkmiş vətəndaşlarla görüşü zamanı saxlanıb və ona 12 sutka inzibati həbs cəzası verilib. Aprelin 19-da Sabirabad Rayon Prokurorluğu Oqtay Gülalıyevə Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) cinayət işi açıb və elə həmin gün məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Oqtay Gülalıyevin vəkili Yalçın İmanov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, cənab Gülalıyevin həbsi regionda vətəndaş cəmiyyətlərinin fəaliyyətini zəiflətməyə xidmət edir. “Oqtay Gülalıyev daşqın zonasında vətəndaşların maarifləndirməsi ilə məşğul idi. Onun apardığı maarifçilik işi sayəsində hüquqları pozulmuş bir neçə yüz nəfər məhkəmələrə müraciət edib. Ona qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur. Çünki, vətəndaş cəmiyyəti fəalı vətəndaşları iğtişaşa deyil, öz hüquqlarını məhkəmələr vasitəsi ilə müdafiəyə çağırırdı. Bu isə yerli hakimiyyət orqanlarına sərf etmir”.

Vəkil müdafiə etdiyi şəxsin yerli polis bölməsində qeyri-insani davranışa və işgəncəyə məruz qaldığını deyib. “Hazırda Oqtay Gülalıyev mədəsindəki kəskin ağrılardan əziyyət çəkir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG