“Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev bir həftəlik həbsdən sonra, nəhayət, vəkili ilə görüşə bilib.
Vəkil Yalçın İmanov bu gün istintaqdan icazə alaraq, Şüvəlan istintaq təcridxanasında cənab Gülalıyevə baş çəkib.
Müvəkkilli ilə görüşdən sonra İmanov Turan Agentliyinə bildirib ki, cənab Gülalıyevin iki il əvvəl müalicə aldığı mədə-bağırsaq xəstəliyi qəfildən kəskinləşib. Onun vəziyyətinin ağırlaşmasına Sabirabad rayon polis rəisinin müavini Rauf Məcidov və bir neçə polis tərəfindən döyülməsi səbəb olub. Cənab Gülalıyev vəkilə bildirib ki, qarın boşluğuna zərbələr endirilib. O aprelin 17-də Sabirabad rayon polisinin növbətçi hissəsinin rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqirlərə və fiziki təzyiqə məruz qaldığını da söyləyib.
Vəkil qeyd edib ki, cənab Gülalıyevin ağrı hiss etdiyini və xeyli zəiflədiyini müşahidə edib.
Vəkil İmanov bildirib ki, saxlanma və həbs zamanı müvəkkilinin hüquqlarının pozulması ilə əlaqədar qanunvericilik çərçivəsində bütün zəruri addımları atacaq. “Mən artıq Gülalıyevin işinin istənilən başqa istintaq idarəsinə, hətta Daxili İşlər Nazirliyinə verilməsi haqqında vəsatət qaldırmışam, belə ki, Sabirabad polisi bu işdə maraqlı və qərəzli tərəfdir”.
Hüquq müdafiəçisi və redaktor Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda monitorinq zamanı həbs edilib. Əvvəlcə o, xuliqanlıq ittihamı ilə 12 sutka inzibati həbsə məruz qalıb, sonradan ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmamaq və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açılıb. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Aprelin 19-da o, 2 ay müddətinə həbs edilib.
Vəkil istintaqdan icazə alaraq, Şüvəlan istintaq təcridxanasında Oqtay Gülalıyevə baş çəkib.