Aprelin 12-də bir qrup hüquq müdafiəçisi, QHT rəhbəri və jurnalist Sabirabad rayonunda
mövcud durumu, 2010-cu ildə baş verən daşqınlar zamanı ziyan çəkmiş sakinlərə dövlət qayğısını, kompensasiyaların paylanma vəziyyətini, Minbaşı kəndinin problemlərini, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsini səbəblərini öyrənmək məqsədi bu rayona səfər edib. Qrupun nümayəndəsi öncə rayon polis şöbəsinin rəis müavini ilə görüşüb. Bundan sonra Oqtay Gülalıyevin həyat yoldaşının onunla görüşünə imkan verilib. Oqtay Gülalıyev Daxili İşlər Nazirinə məktub ünvanlayıb, amma polis məktubu özlərinin nazirə çatdıracağını bildirib.
Günün sonunda icra hakimiyyətinin başçısı Nazim İsmayılov qrupun bir neçə nümayəndəsini qəbul edib. İcra başçısı Gülalıyevin həbsi ilə bağlı təəssüfünü bildirib, lakin bu məsələnin məhkəmə hakimiyyətinin səlahiyyətində olduğunu deyib.
Cənab İsmayılov qeyd edib ki, Oqtay Gülalıyev guya Minbaşı kənd sakinlərinə yerli hakimiyyətin hökumətin “çiy kərpicdən olan bütün evlərin tamamilə sökülərək, daş evlər tikilməsi və hətta həyəcan kompensasiyası ödənilməsi” qərarını icra etməməsi haqqında yanlış məlumatlar verib. Guya Gülalıyev bu yolla insanları rayon hakimiyyətinə qarşı etiraz aksiyalarına təhrik edib.
Lakin, vətəndaş cəmiyyəti fəalları bu iddiaları təkzib edib. Rayon icra hakimiyyəti başçısı da şayiələrin həqiqətə uyğun olmasından şübhə etdiyini deyib və bir müddət əvvəl Gülalıyevlə görüşdüyünü, konstruktiv müzakirələr apardığını qeyd edib.
Bununla belə, İsmayılov Gülalıyevin rayon hakimiyyətinə xəbər vermədən kəndə getməsi ilə bağlı etirazını bildirib. Buna cavabda qeyd edilib ki, vətəndaş cəmiyyəti fəallarının daşqın zonasına məhz istirahət günləri - icra hakimiyyətinin işləmədiyi günlərdə səfər etmək imkanı var. Digər tərəfdən, qanunvericiliyə əsasən belə bir xəbərdarlıq mütləq deyil.
Nazim İsmayılov Gülalıyevin polisdə normal şəraitdə saxlandığına inandırıb. Onun saxlanması zamanı rayon polis rəisinin müavini Rauf Məcidov tərəfindən döyülməsi ilə əlaqədar başqa rayona və ya Bakıya köçürülməsinə gəlincə, icra başçısı bu polis zabitinin bir həftəlik ezamiyyətə göndərildiyini və Gülalıyevin taleyi ilə bağlı narahatlıq üçün əsas olmadığını deyib.
Bu gün polis rəhbərliyinin Gülalıyevin Daxili İşlər Nazirinə yazdığı məktubu müsadirə etdiyi də icra başçısının diqqətinə çatdırılıb. Rayon icra başçısı Gülalıyevin tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı İsmayılov daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı əhalinin problemlərini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə vətəndaş cəmiyyətinin 20-yə yaxın fəalı, o cümlədən jurnalistlər daxildir. Media nümayəndələri vətəndaş cəmiyyəti fəallarının rayon icra hakimi ilə görüşünə buraxılması ilə bağlı narazılıqlarını bildirib. Beləliklə, nümayəndə heyətinin üzvləri Minbaşı kəndinə gedə bilməyib.
Bu gün Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu isə Şirvan Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Müraciətdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin Sabirabad məhkəməsinin qərarı ilə aprelin 9-da 12 sutka inzibati cəzaya məhkum edildiyi bildirilir. Qrup Şirvan Apellyasiya Məhkəməsindən O.Gülalıyevin QHT sektorunun nümayəndəsi olmasını, təqsirləndirildiyi əməlin xarakter və dərəcəsini nəzərə alaraq cəzasının azaldılması və azadlığa buraxılmasını arzulayır. Müraciəti Monitorinq Qrupunun üzvləri olan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva və Çingiz Qənizadə imzalayıb.