Accessibility links

Ziyalılar Forumu milli birliyin yollarını müzakirə edib


Ziyalılar Forumu milli birliyin yollarını müzakirə edib
Ziyalılar Forumu milli birliyin yollarını müzakirə edib

Forum iştirakçıları siyasi, iqtisadi, sosial ədalətsizlik nəticəsində cəmiyyətdə qarşıdurmanın artması, müxtəlif sosial qruplar arasında uçurumun dərinləşməsi faktını gizlətməyib.

Azərbaycan Ziyalılar Forumu “Milli birliyin şərtləri və yolları” adlı dəyirmi masa keçirib. Müzakirədə tanınmış ictimai xadimlər Ramiz Rövşən, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Cəmil Həsənli, Eldar Namazov, Əli Abbasov, Rəhman Bədəlov, Aslan İsmayılov, Xanım Xəlilova, Vahid Qazi, Fəxri Uğurlu, Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı, sabiq deputatlar Şahlar Əsgərov, Gültəkin Hacıbəyli iştirak edib.

Forum iştirakçıları siyasi, iqtisadi, sosial ədalətsizlik nəticəsində cəmiyyətdə qarşıdurmanın artması, müxtəlif sosial qruplar arasında uçurumun dərinləşməsi faktını gizlətməyiblər. “Xalqın ağrılarını səsləndirmək bizim vəzifəmizdir”, deyə dramaturq Rüstəm İbrahimbəyov bildirib.

Ziyalılar yarım il əvvəl Vətəndaş Həmrəyliyi Xartiyası qəbul ediblər. Bu sənəddə yeddi addım atılması təklif edilir: eks-prezidentlərin statusunun qanunvericilkdə həllini tapması, geniş siyasi və iqtisadi amnistiya, islahatçı hökumət yaradılması, konstitusiya islahatları, proporsional-majoritar seçki sisteminə qayıdılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi. Politoloq Eldar Namazovun fikrincə, hakimiyyət ilk addımı atıb və eks-prezidentlərin statusu haqda qanunun qəbulu təşəbbüsü irəli sürülüb. O həmçinin deyib ki, həmrəylik və sabitliyə yol demokratiya, ədalətli və azad seçkidən, bütün insanların haqlarının tanınmasından keçir. "Bütün insanların hüquqlarının və ləyaqətinin qaytarılması dövlətin bütövlüyünü təmin edər və bütöv xalq yaradar", - deyə Ramiz Rövşən bildirib.

Professor Cəmil Həsənli müasir Azərbaycanın əsas problemlərini sadalayıb - insanların ədalətə ehtiyacı, mülkiyyətin zorla alınması, ölkənin idarə edilməsi zamanı konstitusiya və qanunların inkar edilməsi.

Forum cəmiyyətdə həmrəylik yaradılması üçün yeni reseptlər təklif etməyib. Hakimiyyətə, siyasi güclərə və vətəndaş cəmiyyətinə ümumxalq dialoqu ilə bağlı müraciət etmək qərarına gəlib.

XS
SM
MD
LG