Xural qəzeti yenidən 61 min manat cərimə edilib (Audio)

Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı ailəsinin ağır şəraitdə yaşadığını bildirib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə bağlı müstəqil təhqiqat qrupunun iclası olub.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də Nəsimi rayon məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs olunub və sonra həbs müddəti daha üç ay uzadılıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi jurnalistə qarşı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi açıb. Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.
Əvəz Zeynallı ittihamı qəbul etmir və siyasi sifariş adlandırır. Çoxsaylı hüquq müdafiə təşkilatları jurnalistin həbsini pisləyib və onun dərhal həbsdən azad edilməsini Azərbaycan hökuməti qarşısında qaldırıb.
Təhqiqat qrupu bildirib ki, baş redaktor həbsdə olarkən Vergilər Departamenti qəzeti 11 manat məbləğində cərimə edib. “Vergilər Departamenti qəzet cəmi bir ay gündəlik nəşr edilməsinə baxmayaraq, 2008-ci ildən gündəlik çap olunduğunu əsas gətirib. Qəzet 23 qəpiyə satılmasına baxmayaraq, 40 qəpik satış qiyməti hesablayıb və 6 000 manat cərimə yazıb. Vergi öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə isə 5 min manat cərimə müəyyən edib”, - deyə təhqiqat qrupunun üzvü Əfqan Muxtarlı qeyd edib.
Bununla yanaşı, baş redaktor həbsdə ikən 2012-ci ilin yanvarında Nərimanov rayon məhkəməsi “Bakı-Baltika” MMC-nin işgüzar nüfuza xələl gətirmə iddiasını qismən təmin edərək, qəzetə 50 min manat (Bakı-Baltika 150 min manat tələb edirdi) cərimə kəsib. Halbuki, qəzet əməkdaşları məhkəməyə dəvət edilməyib. “Bakı-Baltika MMC ilə bağlı dərc edilən məqalələr Bakı-Baltika-nın işçilərinin şikayətləri və onların təqdim etdikləri disk əsasında hazırlanmışdı”, - deyə qəzetin əməkdaşı Nizami Həsənli bildirib.
Təhqiqat qrupu “Bakı-Baltika” MMC ilə bağlı yazının təhqiqatının aparılması və vergi cərimələri ilə bağlı qəzetin müstəqil auditor tərəfindən auditinin aparılması barədə qərar qəbul edib.
Təhqiqat qrupu deputat Gülər Əhmədova ilə görüş üçün deputata müraciət də edəcək.

Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, onun ailəsi həyat yoldaşının həbsindən sonra ağır durumdadır. “İki azyaşlı uşağımız var. “Xural” qəzetinin çapına imkan verilmir. Mən də jurnalistəm və hazırda işsizəm”, - deyə o qeyd edib.

Xanım Zeynallı təcridxanada həyat yoldaşına qarşı təzyiq olduğunu da diqqətə çatdırıb.