Xural qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevə cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib.
Jurnalistin qardaşı Şahəddin Canıyev “Media forum” saytına bildirib ki, Aydın Canıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işi başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi 2 ilədək islah işlərini və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.
Öz növbəsində, Xural qəzetinin redaktoru Əvəz Zeynallı Amerikanın Səsi radiosuna bildirib ki, jurnalistin həbsi qəzetin 6 sentyabr nömrəsində çap olunan “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı məqalə ilə bağlıdır. “Həbsindən iki gün öncə Aydın Canıyevi şeyxülislamın adamları Bakıya dəvət etmişdi. Şeyxülislamın adamları Aydın Canıyevlə görüşdükdən sonra, o Lənkərana qayıtdı və həbs olundu”, - deyə cənab Zeynallı qeyd edib.
Xatırladaq ki, Məqalədə Qafqaz Müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə və onun qohumlarından bəhs olunur. Müxbir Milli Təhlükəsizlik Nazirinə müraciət edərək şeyxülislamın cənub bölgəsi üzrə nümayəndəsi və bir sıra məscidlərdə baş verən qanunsuz hərəkətlərdən yazıb. Cənab Canıyev həmçinin İrandan narkotik qaçaqmalçılığına toxunur. Eyni zamanda, şeyxülislamın qardaşı övladına, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadəyə, bir sıra din xadimlərinə əxlaqdankənar ittihamlar irəli sürüb.
Öz növbəsində, Sədi Axundzadə Turan Agentliyinə bildirib ki, onun ünvanına yazılan bütün ittihamları rədd edib.