Xocalı faciəsinin 22 ili

Xocalı faciəsi

Faciəni törədənlərdən heç kim məsuliyyətə cəlb edilib məhkəmə qarşısına çıxarılmayıb
Xocalı faciəsindən 22 il keçir.

Bu gün ölkədə matəm günüdür. Ölkə prezidenti, hökumət üzvləri, on minlərlə insan faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” heykəlini ziyarət edir. Dünyanın çoxsaylı ölkələrində, diplomatik nümayəndəliklərdə xatirə mərasimləri keçirlir, məscidlərdə dualar oxunur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub.

Rəsmi məlumatlara görə, işğal nəticəsində 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 1000-dən çox dinc sakin əlil olub. Hadisələr zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

O vaxt “Vaşinqton post” qəzeti Xocalı qurbanları barədə yazırdı. “Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdı. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı.”

“Le Mond” qəzeti bildirirdi ki, şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdı.

“Tayms” qəzeti yaz;rdı: Adamların çoxunun cəsədi eybəcər hala salınmışdı.

İndiyədək faciənin törədilməsində təqsirli bilinən bir nəfər belə nə Interpol vasitəsi ilə, nə də Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs edilməyib. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev 31 nəfər barəsində Interpol vasitəsi ilə axtarış elan edildiyini deyir.