Accessibility links

Nyu Meksiko Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib


Azərbaycan-ABŞ bayraqları
Azərbaycan-ABŞ bayraqları

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir

Fevralın 13-də ABŞ-ın Nyu Meksiko ştatının senatında Azərbaycana dair geniş qətnamə qəbul olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun məlumatına görə, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

Qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilib.

Bu səpkidə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bundan başqa sənəddə vurğulanıb ki, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir.

Bundan öncə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi.

Ötən il isə Nyu Meksika parlamenti Xocalı qətliamını tanıyan qətnamə qəbul edib.
XS
SM
MD
LG