Azərbaycan TAP-da 20 faiz pay alacaq

Trans Adriatik Boru Kəməri layihəsi (TAP)

ARDNŞ prezidenti TAP layihəsi və Rusiya ilə danışılar barədə məlumat verib
Transadriatik Layihəsi (TAP) ARDNŞ və BP hər biri 20%, Total 10% pay alacaq. İndiki anda bu prosesin rəsmiləşdirilməsi üzrə işlər aparılır. Bu barədə bu gün jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Xatırladaq ki, 9 avqust 2012-ci il tarixli sazişin şərtlərinə görə, “Şahdəniz” konsorsiumu ТАР layihəsini əsas marşrut kimi seçsə, boru kəməri konsorsiumunun səhmlərinin yarısı ARDNŞ, BP və Total-ın nəzarətinə keçir.

ARDNŞ prezidenti bildirib ki, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar ilin sonunadək Azərbaycan qazının Avropaya tədarükü çərçivəsində bütün saziş və müqavilələri imzalayacaq. Bu da 2013-cü ilin sonunda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan verəcək.

R.Abdullayev deyib ki, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.

TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5%), Norveçin Statoil (42,5%), Almaniyanın E.ON Ruhrgas (15%) şirkətləridir.

Abdullayev həmçinin Rusiya ilə aparılan danışıqlar barədə məlumat verib. Onun sözlərinə görə, ARDNŞ və Rusiyanın "Rosneft" şirkəti Azərbaycan və Rusiyada birgə layihələrdə iştirak imkanını nəzərdən keçirir.

ARDNŞ-nin maraqlarından danışan R.Abdullayev deyib ki, şirkət Rusiyada quru ərazidə və Xəzərdə işlərə maraq göstərir.

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri vasitəsilə daşınmasının gələcəkdə davam etdirilməsi məsələsinə toxunan Abdullayev bildirib ki, Rusiyanın "Transneft" şirkəti ilə kommersiya danışıqları davam edir və yekun nəticə barədə yalnız ilin sonunda danışmaq mümkün olacaq.