Quba hadisələri (müxtəlif baxışlar)

Quba hadisələrinə iqtidarın və müxalifətin baxışlarında yaxınlıq hiss edilir. İqtidar da sosial narazılığı qəbul edir.

Martın 1-də Quba rayonunda (Bakıdan 170 kilometr şimalda) baş verən qarşıdurma bu gün də ölkə ictimaiyyətinin diqqətindədir. Qubada etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsi səbəb olub. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı insanlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Etirazçılar polis qüvvələrinə daş, asfalt parçaları və kəsəklərlə hücum çəkib. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Deputat Vahid Əhmədovun vasitəçiliyi etirazları səngidib və icra başçısının vəzifədən azad edilməsi barədə rəsmilərin bəyanatı insanların evlərinə dağılmasına səbəb olub.

Martın 2-də isə ölkə prezidenti Quba rayon icra hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla yanaşı, Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, eyni ilə də Ombudsman qarşıdurmanın səbəbləri və günahkarlar barədə medianın sualına cavab verməkdən yayınıb.

Milli Məclisin sədr müavini Bahar Muradova Qubadakı hadisələri iğtişaş hesab etmir .
“Azərbaycanda söz və ifadə azadlığı var, vətəndaşlar bu və ya digər məsələlərlə bağlı narazılıqlarını ifadə edə bilərlər, bu, normal haldır və onların konstitusion hüququdur”, deyə o bildirib.
Eyni zamanda, o hesab edir ki, icra hakiminin çıxışının bu qədər gec yayılması təsadüfi deyil və qərəzli niyyətdən xəbər verir. “Hesab edirəm ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar”.
Parlamentin insan hüquqları komitəsinin rəhbəri Rəbiyyət Aslanova vətəndaşların şəxsi əmlakının korlanmasının yolverilməz olduğunu bildirib. “Şəxsi əmlak toxunulmazdır. İcra hakiminin evi və digər əmlakının qanuniliyini müvafiq orqanlar müəyyən etməlidir. Biz hüquqi dövlətdə yaşayırıq və bu əməllər mənfi proseslərə səbəb ola bilər. Narazılığı qanuni yolla ifadə etmək və müvafiq qurumlara müraciət etmək olar”, deyə o, dövlət məmurunun iki il ərzində üçmərtəbəli villanı və çoxsaylı obyektləri hansı vəsaitlə tikdiyi barədə suala cavabda bildirib.

Bununla yanaşı, müxalifətdə olan siyasi qüvvələr Qubada baş verənləri iqtidarın apardığı siyasətin bariz nəticəsi kimi xarakterizə edir.

İctimai Palata rayon əhalisinin narazılığını haqlı sayır, etiraz aksiyasına qüvvə tətbiqindən narahatlıq ifadə edərək hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır. Qurum baş verən hadisələri iqtidarın xalqa zidd siyasətinin nəticəsi, xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişi hesab edir. “Baş verən bu hadisə bir daha sübut edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz”-deyə İctimai Palatanın bəyanatında deyilir.

Ümid partiyası baş verənlərə görə məsuliyyəti iqtidarın üzərinə qoyur. Quba rayon icra hakimiyyəti başçısının rayon əhalisi haqqında təhqirlərinə iqtidarın reaksiya verməməsi hadisələrin mövcud məcraya gəlməsinə səbəb olub. İcra hakimiyyətinin davranışı dövlətçiliklə bir araya sığmır. Təəssüf ki, belə idarəetmə sistemi təkcə Quba rayonuna yox, bütün ölkəyə aiddir”.

Liberal partiyasının sədri Lalə Şövkəti Quba əhalisini haqlı sayıb. “Quba sakinlərini ayağa qaldıran bütün ölkədə tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluqdur. Bunlardan xilas olmaq üçün iqtidar köklü ictimai-siyasi və sosial-iqtisadi islahatlar aparmalıdır”.

Azərbaycan Ziyalılar Forumu xatırladır ki, son illər ölkədə ciddi sosial, iqtisadi, siyasi problemlərin olmasından dərin narahatlığını ifadə edib və hakimiyyəti vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.
”Lakin bu çağırışlar eşidilməyib və martın 1-də Qubada baş vermiş hadisələr ictimai rəyə məhəl qoyulmamasına əsaslanan siyasətin nəyə aparıb çıxardığını əyani şəkildə göstərir”.

Ziyalılar Forumu xəbərdarlıq edir ki, xalqın səbri hüdudsuz deyil və daşmaq üzrədir, onun qarşısını yalnız təcili effektiv hərəkətlər və ilk növbədə ölkənin idarəetmə aparatının tamamilə yenilənməsi ala bilər.

Amerikanın Səsi radiosunun müxbiri Qubada etiraz iştirakçılarına müraciət edib. Onlar icra hakimiyyəti başçısının məmura yaraşmayan davranışından, sosial durumun ağırlığından və işsizlikdən şikayətləniblər.