“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib. Hazırda “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanır.
Bu barədə məlumatıVüqar Qonaqovun ailə üzvləri Amerikanın Səsi radiosuna təsdiq edib.
“Bir neçə gün öncə dövlət tərəfindən tutulmuş vəkil Şöhrət Allahmanov zəng vurub, Vüqara isti geyim lazım olduğunu bildirdi. Biz dəfələrlə vəkildən onun tutulma səbəblərini, Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğunu soruşduq. Lakin, vəkil bu barədə bizi məlumatlandırmadı”, - deyə Vüqar Qonaqovun ailə üzvlərindən biri Amerikanın Səsinə bildirib.
Vəkil Şöhrət Allahmanov da təxminən eyni cavabı verib. “Vüqar Qonaqovun tutulma səbəblərini deyə bilmərəm. Bu barədə vəkil deyil, istintaq orqanı məlumat verməlidir. Vüqar Qonaqovun harada saxlanması barədə isə zəng edib ailəsini məlumatlandırmışam”, - deyə o qeyd edib.
Vüqar Qonaqovun ailəsi dövlətin təyin etdiyi vəkildən məlumat ala bilmədiyindən vəkil Elçin Sadıqovla müqaviə bağlayıb. Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, son bir neçə gündə cəhdlər etməsinə baxmayaraq Vüqar Qonaqovla görüşünə icazə verilməyib. “Vüqar Qonaqov martın 13-də Qubada həbs edilib. Hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarədə saxlanılır. Onunla görüşmək üçün martın 23-də müraciət etmişəm. Lakin, indiyədək məni müdafiə etdiyim şəxslə görüşə buraxmırlar”.
Vəkil görüşə buraxılmasa da martın 25-də Ombudsmanın nümayəndələri Vüqar Qonaqov və Zaur Quliyevlə görüşüb. Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov Amerikanın Səsinə bildirib ki, hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılığı yoxdur. Onlara sovqat qəbul edilir, gəzintiyə çıxarılır və yeməkləri vaxtında verilir. “Biz Vüqar Qonaqov və Zaur Quliyevlə təklikdə görüşüb bədənlərinə baxış keçirdik. Onların bədənlərində işgəncə izləri müəyyən etmədik və özləri də işgəncəyə məruz qalmadıqlarını dedi. Hər iki şəxsin tibb kitabçasına da baxış keçirdik. Orada da fiziki zorakılıq əlamətləri ilə bağlı qeydlər yox idi”, - deyə şöbə müdiri qeyd edib.
Şöbə müdiri həmçinin “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlandığını, Nəsimi rayon məhkəməsinin qərarı ilə barələrində iki ay həbs-qətimkan tədbiri seçildiyini təsdiq edib.
Xatırladaq ki, martın 13-də Xəyal televiziyasının 5 əməkdaşı və Poliqon Agentliyinin region müxbiri Cəmil Məmmədli saxlanmışdı. Onların 4-ü azad buraxılıb.
Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun www.youtube.com saytında yerli əhalini təhqir edən fikirləri yer almış videogörüntü yerləşdirildikdən sonra minlərlə insan etiraz olaraq dinc aksiya keçirib. Aksiya sonradan qarşıdurma ilə müşayiət olunub. İnsanlar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, Rauf Həbibovun villasını yandırıb. Bundan sonra, daxili qoşun və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız Rauf Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib.
Fakt üzrə cinayət işi başlanıb və hazırda həbs edilən 8 adamın adı bəllidir. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevdir.
Son məlumatlara görə, martın 17-də saxlanmış Quba bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanov dünən azad buraxılıb. Bununla yanaşı, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin yaşadığı ev və iş otağının qapıları möhürlənib. İş sənədləri istintaq tərəfindən araşdırılmaq üçün götürülüb.