Qabil Hüseynli: Rusiya Qəbələ RLS-lə bağlı müqavilə öhdəliyini yerinə yetirməyib (Audio)

Politoloq hesab edir ki, Azərbaycanın Rusiyadan deyil İsraildən silah alması və “Suriyanın dostları” klubuna qoşulması rəsmi Moskvanı və Tehranı qıcıqlandırır.

Politoloq Qabil Hüseynli Amerikanın Səsi radiosuna müsahibəsində Yaxın Şərq və Xəzər regionunda geopolitik durumun gərginləşməkdə davam etdiyini bildirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı rəsmi Bakını və Avropa İttifaqını təhdidedici bəyanatla çıxış etməsini pisləyib.

Politoloq hesab edir ki, Azərbaycanın Rusiyadan deyil İsraildən silah alması və “Suriyanın dostları” klubuna qoşulması rəsmi Moskvanı və Tehranı qıcıqlandırır. “Bu səbəbdən də son zamanlar Rusiya və İran mediası Azərbaycana qarşı hədə dolu məqalələr dərc edir”.

Rusiya xarici işlər nazirinin sətiraltı ifadələrlə Transxəzər qaz kəməri layihəsinə qarşı çıxması isə zamanında Moskvanın əleyhinə çevriləcək. “Çünki, Rusiya sahilyanı dövlətlərlə razılaşmadan, ekologiya və faunanı nəzərə almadan Qara dənizin altı ilə qaz kəməri çəkib. Hazırda isə daha iki kəmər çəkmək fikrindədir”.

Cənab Hüseyni Qəbələ RLS-in icarəsi ilə bağlı Rusiya və Azərbaycan arasındakı fikir ayrılığının açıq hiss edildiyini bildirib. “İlk öncə Azərbaycan icarə haqqının Rusiyanın təklif etdiyindən dəfələrlə çox artırılmasını istəyir. Digər tərəfdən, Rusiya birinci icarə dövründə müqavilə öhdəliklərinə əməl etməyib. Müqaviləyə görə, RLS-də toplanan informasiyalar həm də Azərbaycan siyasi rəhbərliyinə verilməli, stansiyanın əsas müşahidə pultlarına Azərbaycan mütəxəssisləri də buraxılmalı idi. Bunlara əməl edilməyib”, - deyə o qeyd edib.