Accessibility links

Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazırdır


Dağlıq Qarabağ problemi ATƏT xarici işlər nazirlərinin Dublin toplantısında müzakirə edilə bilər. Aprelin sonlarında Azərbaycan xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş dialoqun davam etdirilməsinə hər cür dəstək verməyə hazırdır”.
APA Agentliyinin məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedyev ATƏT-in Minsk Qrupu nümayəndələrinin gördüyü işi inkişaf etdirmək üçün Azərbaycan və Ermənistanın dövlət başçıları ilə onlarla görüş keçirib. “İş başa çatmayıb, lakin yanvarın 23-də Soçidə görüş keçirən Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tezliklə razılaşmalara nail olmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bildirdilər. Rusiya tərəflərin istəyi ilə bu prosesə hər cür köməklik göstərməyə hazırdır. Ermənistan və Azərbaycan Rusiya ilə dost və strateji tərəfdaş olan ölkələrdir və Moskva onlar arasında münasibətlərin necə qurulmasına laqeyd yanaşa bilməz”.
Cənab Lavrov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz funksiyasını vicdanla yerinə yetirir: “Onlar bütün tərəflərin qəbul etdiyi, Helsinki Yekun Aktında və BMT Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərdən kənara çıxmayıblar. Bu prinsiplər tərəflərin güc tətbiqindən çəkinməsini, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmə hüququna hörməti nəzərdə tutur. Həmsədrlərin bu mövqeyi dəyişməyib”.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə bu gün ATƏT-in keçmiş sədri, Litva xarici işlər naziri Audronius Ajubalislə görüşdən sonra Amerikanın Səsi radiosunun sualının cavabında bildirib ki, aprelin sonlarında Dublində ATƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş ərəfəsində Azərbaycanın xarici işlər naziri Londonda ATƏT-in Mİnsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Nazir deyib ki, 2012-ci ildə ATƏT-in həmsədr ölkələrinin hər üçündə seçkilərin keçirilməsi Qarabağ nizamlanmasına dair danışıqlara təsir göstərə bilər. Lakin danışıqlar dayandırılmayacaq.

Cənab Məmmədyarov Bakının mövqeyini təkrarlayaraq bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və Azərbaycan gec-tez ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin nizamlanması prinsipləri demək olar ki, razılaşdırılıb. “Bəzi razılaşdırılmamış prinsiplər də var ki, nizamlanmanın növbəti mərhələsində razılaşdırıla bilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan tərəfi indiyədək ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırladığı yenilənmiş Madrid sənədini qəbul edib-etmədiyini indiyədək açıq bəyan etməyib. 2008-ci ildən başlayaraq Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri ondan çox görüş keçirib. Buna baxmayaraq, münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməyib.

Xatırladaq ki, bu il martın 22-də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Hillari Klinton (ABŞ dövlət katibi) və Alen Jüpe (Fransa) birgə bəyanatla çıxış edib.

Bəyanatda münaqişə tərəfləri möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırılır. "Biz tərəflərin liderlərini Helsinki Yekun Aktı əsasında, gücün və ya güclə hədələmənin tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə və xalqların hüquq bərabərliyi prinsiplərinə, BMT Nizamnaməsinin bəndlərinə, həmçinin beynəlxalq hüquq prinsipləri və normalarına əsaslanaraq, bütün regiona status-kvonun çərçivəsindən daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmağa icazə verəcək çərçivə sazişinin və sonrakı qəti qərarın üzərində işi mümkün qədər tez tamamlamağa çağırırıq", - deyə sənəddə qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, sülhə doğru yolda irəliləyiş əldə olunub.

"2009-cu ildə bizim üç liderin Akvildə, 2010-cu ildə Muskokda və 2011-ci ildə Dovildə verdikləri birgə bəyanat hərtərəfli dinc nizamlanma üçün əsas elementləri müəyyən edib", - deyə xarici işlər nazirləri xatırladır.

XS
SM
MD
LG