Jurnalistlər saxlandığını iddia edir

Martın 26-da Salyan rayonunda “Bakı” İnformasiya Agentliyi və “Radikal” televiziyasının təsisçisi Sudeyif Məcidov, icraçı direktor Vasif Sadıxbəyli və operator İlham Rəsulzadə Salyan rayon polis şöbəsinə aparılıb.

Martın 26-da Salyan rayonunda “Bakı” İnformasiya Agentliyi və “Radikal” televiziyasının təsisçisi Sudeyif Məcidov, icraçı direktor Vasif Sadıxbəyli və operator İlham Rəsulzadə Salyan rayon polis şöbəsinə aparılıb. İcraçı direktor V.Sadıxbəyli Amerikanın Səsi radiosuna bildirib ki, dünən səhər saatlarında Salyan rayonu ərazisində mülki geyimli şəxsin yol polisinin radarı vasitəsi ilə magistral avtomobil yolunda avtomobilləri çəkdiyini videokamera vasitəsi ilə çəkiblər. Bundan sonra saat 12.00 radələrində jurnalistləri rayon ərazisində saxlayaraq polis avtomobili ilə Salyan rayon polis şöbəsinə aparıblar. “Bizi Salyan rayon polis şöbəsinin rəisi Fuad Məmmədovun otağına apardılar. Rəis rayonda aparılan çəkilişlə bağlı qabaqcadan ona məlumat verməli olduğumuzu dedi. Sonra isə öz müsbət işlərindən danışdı. İki saatdan sonra polis şöbəsindən buraxıldıq”, -o qeyd edib.

Saat 16.00 radələrində jurnalistlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisindəki stasionar postunda (Salyan postu) yenidən saxlanılıb. “Postun rəisi Qulu adlı şəxs polis əməkdaşlarını təhqir etdiyimizi dedi və protokol tərtib etdi. Postda zorla kameramızı alıb seyflərinə qoydular. Kameranın yaddaşını yoxladılar. Amma biz kameranın yaddaş kartını bundan öncə Bakıya göndərmişdik”, - V. Sadıxbəyli qeyd edib.

Sonra jurnalistləri yenidən Salyan rayon polis şöbəsinə aparıblar. Saat 23.00-da barələrində tərtib edilən materiallar Salyan Rayon Prokurorluğuna göndərilib. Saat 23.00-da prokurorun yerində olmadığı bildirilib və onlar sərbəst buraxılıb. Hazırda jurnalistlər azadlıqdadır, amma gələcək talelərindən narahatlıq keçirirlər. Öz növbəsində, Salyan rayon prokurorunun köməkçisi Ceyhun Quliyev Amerikanın Səsinə bildirib ki, Salyan rayon polis şöbəsindən prokurorluğa jurnalistlərlə bağlı hər hansı material daxil olmayıb.
Salyan rayon polis şöbəsindən isə jurnalistlərin dünən saxlanması ilə bağlı yayılan məlumatları təkzib ediblər. “Dünən Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisindəki stasionar postundan rayon polis şöbəsinə jurnalistlərlə bağlı raport daxil olub. Raport polisdən daxil olduğundan araşdırılması üçün rayon prokurorluğuna göndərilib”, - Salyan rayon polis şöbəsinin növbətçi hissəsindən bildirilib.

Xatırladaq ki, “Bakı” İnformasiya Agentliyi və “Radikal” televiziyası ictimai fikirdə və media sırasında tanınmayıb. Bu media orqanlarının fəaliyyəti ilə bağlı geniş ictimaiyyət məlumatlı deyil.