Accessibility links

Defamasiya haqqında qanunun qəbulu yubadılır


2011-ci ildə mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə, azı 32 iddia və şikayət irəli sürülüb. Səkkiz jurnalistin yazılarına, ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istənilib.

Media Hüququ İnstitutu və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə mediaya qarşı məhkəmə işləri ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi Masada əsas diqqət “Defamasiya haqqında” qanunun qəbulunun yubanmasına yönəlib.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2006-cı ildən Milli Məclisə “Defamasiya haqqında” üç qanun layihəsi təqdim edilib. Bu ilin əvvəlində isə prezident insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması barədə proqramı təsdiqləyib. Proqramda 2012-ci ildə defamasiya qanunun qəbulu nəzərdə tutulub. “Bununla belə hələ ki, “Defamasiya haqqında”qanundan xəbər yoxdur və irəliləyiş nəzərə çarpmır. Buna görə də jurnalistlərə qarşı böhtan və təhqirə görə qaldırılmış məhkəmə işləri narahatlıq doğurmaqda davam edir”.

İnstitutun koordinatoru Xalid Ağaliyev mediaya, jurnalistlərə qarşı məhkəmə işlərinin statistikası barədə məlumat verib. Onun məlumatına görə, 2005-ci ildə tənqidçi xəbər mediası defamasiyaya görə 14, 2006-ci ildə isə 29, 2007- ci ildə 103, 2008-ci ildə 25, 2009-cu ildə 28, 2010-ci ildə 71 dəfə məhkəməyə çəkilib. 2010-cu ildə mediadan 875 min manatdan artıq təzminat istənilib, media 37 min 500 manatdan artıq cərimələnib. 2011-ci ildə mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə, azı 32 iddia və şikayət irəli sürülüb. Səkkiz jurnalistin yazılarına, ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istənilib. İddia və şikayətlərin çox hissəsi rəsmilər tərəfindən qaldırılıb. Ötən il qaldırılan defamasiya iddiaları ilə jurnalistlərdən 2 milyon 700 min manatdan artıq təzminat istənilib. Jurnalistlərin üzərinə ümumilikdə 46 min iki yüz manatdan artıq təzminat ödəmək vəzifəsi qoyulub. Ümumilikdə 2005-ci ildən bəri jurnalistlərə qarşı 300-dən çox məhkəmə işi açılıb, 21 jurnalist həbs olunub, medianın üzərinə 4 milyon manatdan artıq cərimə qoyulub.

Daha sonra hüquqşünas Ələsgər Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən işlərilə bağlı danışıb. Avropa Məhkəməsində Azərbaycan əsasən cəzanın adekvat verilməməsinə görə uduzur. O qeyd edib ki, Eynulla Fətulayevin, Yaşar Ağazadənin, Rövşən Mahmudovun işlərində də yerli məhkəmələr düzgün qərar çıxarmadığından Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Avropa Konvensiyasının 10-cu maddəsini pozması qərarına gəlib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, defamasiya problemi ciddi problemdir. Ancaq bir nömrəli məsələ deyil. Daha vacib başqa məsələlər var.

“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev medianın durumunun acı olduğunu və “Defamasiya haqqında” qanunun qəbulunun vaxtının çoxdan çatdığını vurğulayıb. Zeynal Məmmədli medianın problemlərindən bəhs edərək deyib ki, medianı narahat edən çoxlu yaralar var. “Biri də defamasiya qanunudur. Onun ən qısa zamanda qəbulu çox vacibdir. Bu qanunun qəbulu və doğru icrası jurnalistlərə, media azadlığına ciddi qatqılar verər”.

XS
SM
MD
LG