Accessibility links

Dəyirmi Masa: Azərbaycanda mətbuatın durumu


İyulun 22-də Azərbaycanda Jurnalistika Günü qeyd edildi. Bu münasibətlə ölkənin müxtəlif qurum və təssisatları jurnalistləri mükfatlandırmış və Azərbaycan mətbuatının şərəfinə yığıncaqlar keçirmişdir. Elə həmin gün də Azərbaycanda məhkəmə qərarı ilə 3 jurnalist böhtan ittihamları ilə həbsə məhkum edildi. Beləliklə də Azərbaycanda həbsdə yatan jurnalistlər siyahısına yeni adlar əlavə olundu. Bu arada beynəlxalq təşkilatlar Azərbaycanda söz azadlığına edilən həmlələrdən dərin narahatlığını bildirir, bəziləri isə azad sözün can verdiyini dilə gətirir. Azərbaycanda mətbuatın hazırkı durumunu müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovu dəvət etdik.

Mehman Əliyev ölkədə azad mətbuatın durumunun acınacaqlı olduğunu bildirərək son 10 ildə müstəqil mediaya qarşı yürüdülən təqib kampaniyası haqda bəhs etdi. Onun sözlərinə görə bu dövr ərzində bir sıra jurnalistlər xuliqanlıq və yə defamasiya maddələri ilə həbs edilib. Cənab Əliyev həmçinin ölkədə reklam bazarının kasad olduğundan və qəzetlərin az tirajla çıxmasından gileyləndi. Onun fikrincə qəzetlərin məhdud sayda nəşri jurnalistlərin iqtisadi durumuna və mətbuatın rifahına mənfi təsir göstərir. Cənab Əliyev hakimiyyətin mətbuatla münasibtlərində köklü dəyişikliklərə və islahatlara ehtiyac olduğunu vurğuladı.

Rəsmi dövlət orqanı olan Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycanda azad mətbuatın mövcud olduğunu və tənqidçi mövqedən çıxış edən beynəlxalq təşkilatların qərəz nümayiş etdirdiyini bildirdi. Onun sözlərinə görə həbs edilən jurnalistlər peşəkar fəaliyyətə uyğun gəlməyən əməllər törədir və bunun nəticəsində cəzalandırlırlar. O, hökumətin mətbuata xüsusi qayğı göstyərdiyini bildirərək bu həftə prezident idarəsinin qəzetlər üçün ayırdığı qrantları önə çəkdi. Bəxtiyar Sadıqov tövsiyə etdi ki, Azərbaycanla bağlı mənfi mövqe sərgiləyən beynəlxalq müşahidəçilər ölkəyə gələrək vəziyyəti yerində öyrənsinlər.
XS
SM
MD
LG