“Amnesty İnternational” təşkilatı bəyanat yayaraq İranda dinc müxaliflərə qarşı təzyiq və repressiyaların geniş vüsət aldığını bildirib.
“Media forum” saytının məlumatına görə, fevralın 27-də verilən bəyanatda deyilir ki, İranda parlament seçkisi ərəfəsində söz və ifadə azadlığına qoyulan məhdudiyyətlər şiddətlənib, dinc müxaliflərin həbsi geniş vüsət alıb: “İranda müxaliflərin həbsə salınması vüsət alıb. Bu, hakimiyyətin bölgə xalqlarının azadlıq və demokratiya uğrunda apardığı mübarizəyə dəstək verməsi haqda jestinin puç olduğunu nümayiş etdirir. Son aylarda müxtəlif qruplardan olan dinc müxaliflər, o sıradan vəkillər, tələbələr, jurnalistlər, siyasi fəallar, kino xadimləri, xarici media ilə əlaqəsi olanlar, milli və dini azlıqlara mənsub çoxlu insan tutularaq həbsə salınıb.
Bu gün İranda hakim çərçivədən kənar aparılan hər bir müstəqil fəaliyyət təhlükəli sayıla bilər. İnternetdə hansısa bir ictimai qrup yaratmaq və ya ona üzv olmaq, eləcə də hansısa bir qeyri-hökumət təşkilatı yaratmaq və ya ona üzv seçilmək, mövcud vəziyyətə qarşı çıxmaq zindanla nəticələnə bilər. İran İslam Respublikasının bu dəhşətli durumu ölkəyə hakim etməsi onun Misir, Bəhreyn və bölgənin digər ölkələrinin xalqları ilə həmrəy olması haqda dediklərinin qeyri-səmimiliyinə dəlalət edir”.
İranda parlament seçkisi martın 2-də keçiriləcək.