Accessibility links

Amerikada məşhur tele-şou aparıcısı Con Stüartın proqramında İranda azərbaycanlıların vəziyyəti müzakirə edilib (VİDEO)


The Daily Show with Jon Stewart
The Daily Show with Jon Stewart

Amerikada məşhur tele-şou aparıcısı Con Stüartın proqramına dəvət edilmiş Federal Təhqiqatlar Bürosunun keçmiş xüsusi agenti Əli Sufan İranda azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağ münaqişəsində İranın mövqeyi və regionla bağlı digər məsələlərdən danışıb.

Hər axşam milyonlarla tamaşaçının izlədiyi “Con Stüartla gündəlik şou”nun fevralın 13-də efirə çıxan proqramında Əli Sufan Yaxın Şərq regionunda bugünkü durumu şərh edərək, diqqəti İranda yaranmış daxili vəziyyətə çəkib. O, İranın monoetnik deyil, bir çox etnik qrupların yaşadığı bir ölkə olduğunu qeyd edib. Əli Sufan bildirib ki, İran əhalisinin təxminən 51 faizini farslar, 40 faizini isə azərbaycanlılar təşkil edir.

“Azərbaycanlılar türk mənşəli xalqdır və tarixən farslar və azərbaycanlılar arasında münasibətlər yaxşı olmayıb. Bununla yanaşı, burada ərəb mənşəli əhvazlar, bəluclar yaşayır və bu etnik qruplar farsların dominantlıq etməsinə qarşı olub”-deyə o bildirib.

Aparıcı Con Stüartın azərbaycanlılarınTürkiyə ilə yaxınlığından İranın nə dərəcədə qıcıqlandığı sualının cavabında Əli Sufan deyib ki, Türkiyənin Yaxın Şərqdə və Mərkəzi Asiyada rolu artır və İran bundan çox narahatdır, çünki onu əhatə edən ölkələrin çoxunda türk əsilli xalqlar yaşayır. Onun sözlərinə görə, Mərkəzi Asiyada hər hansı bir etnik hərəkat regionda İranın nüfuzunun azalmasına gətirib çıxaracaq. Ekspert burada İranın Dağlıq Qarabaq münaqişəsinin həllində bütün dünyada şiələrin müdafiəçisi olduğunu deməsinə baxmayaraq, qonşusu şiə Azərbaycanı deyil, ortodokst xristian olan Ermənistanı dəstəklədiyini qeyd edib.

“Azərbaycan Türkiyə ilə yaxın əlaqələrə malikdir və əhalisi türk mənşəli xalqdır, buna görə də İran qorxur ki, Azərbaycan münaqişədə qələbə çalsa, o mühasirəyə alınmış olacaq”-deyə Əli Sufan bildirib.

Əli Sufan Livan mənşəli amerikalı mütəxəssisdir. O, Federal Təhqiqatlar Bürosunun xüsusi agenti kimi ABŞ-da və dünya ölkələrində əks-terror əməliyyatları və təhqiqat proseslərində iştirak edib. O, Üsəma Bin Ladenin sürücüsüsü və mühafizəçisi olmuş Səlim Həmdan və Bin Ladenin mətbuat katibi olmuş Əli əl-Bəhluldan dəyərli informasiyanın alınmasında mühüm rol oynayıb.

Əli Sufanın 11 sentyabr hadisələrindən sonra ABŞ-da terrorizm əleyhinə mübarizə haqda yazdığı kitab 2011-ci ildə işıq üzü görüb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG