Freedom House: İdrak Abbasovun döyülməsi Azərbaycanda mətbuat azadlığına qarşı qəbuledilməz hücumdur

  • Azerbaijani Service
Təşkilat hadisə ilə əlaqədar təhqiqat aparılmasına və günahkarların cəzalandırılmasına çağırır

Dünya ölkələrində demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsilə məşğul olan “Freedom House” təşkilatı azərbaycanlı jurnalist İdrak Abbasovun qəddarlıqla döyülməsilə bağlı açıqlama verib.

Təşkilat İdrak Abbasovun ARDNŞ-in təhlükəsizlik əməkdaşları tərəfindən qəddarlıqla döyülməsini Azərbaycanda mətbuat azadlığına qarşı qəbuledilməz hücum adlandıraraq hadisə ilə əlaqədar təhqiqata və günahkarların məsuliyyətə cəlb olunmasına çağırır.

“Freedom House” bildirir ki, İdrak Abbasov Azərbaycan Dövlət Neft Şirkətinin təhlükəsizlik işçilərinin Bakının Sulutəpə qəsəbəsində evləri sökməsinin çəkilişini apararkən hücuma məruz qalıb.

“Freedom House” təşkilatı “Zerkalo qəzetinin və Azərbaycanda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı olan İdrak Abbasovun mart ayında senzura indeksi kampaniyası tərəfindən Azərbaycanda apardığı işə görə mükafat aldığını qeyd edir.

Təşkilat bildirir ki, Azərbaycan 2012-ci ildə dünya ölkələrində azadlıq indeksi və 2011-ci ildə mətbuat azadlığına dair hesabatlarında azad olmayan ölkə kimi reytinq alıb.

“Rəsmilər hökuməti tənqid edən jurnalistlər və bloggerləri çox vaxt həbs edir. Mart ayında Azad Avropa/Azadlıq radiosunun müxbiri Xədicə İsmaylova “özünü yaxşı aparmadığı halda, adının ləkələnəcəyinə dair təhdid məktubu almışdı. 2011-c ildə sentyabr ayında isə İdrak Abbasovun ailə üzvləri döyülmüş və onların evi dağılmışdı. Bu hücum Azərbaycanda jurnalistlər üçün nə dərəcədə təhlükəli və düşmən bir mühitin mövcud olduğunu bir daha xatırladır”-deyə “Freedom House” qeyd edir.