Accessibility links

Jurnalist İdrak Abbasov müalicəsini ev şəraitində davam etdirəcək


Onun qabırğaları sındırılıb, gözü qan içindədir, bədənində çoxsaylı küt qançırlar var.

Aprelin 18-də ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülmüş jurnalist İdrak Abbasov bu gün xəstəxanadan evə buraxılıb.
“Bundan sonra ev şəraitində müalicəmi davam etdirəcəm. Tam sağalmağıma hələ çox qalır, uzun reabilitasiya keçməliyəm”, - deyə cənab Abbasov bildirib.
Jurnalistin görmə problemi var. “Bir gözüm sanki nazik pərdə ilə örtülüb. Gözümün müalicəsi də uzun müddət çəkəcək Bundan əlavə, sınmış qabırğalarım sağalmayıb və 5-6 ay korset taxmalı olacam. Böyrəklərimdə ağrılar var”, - o bildirib.
İstintaqa gəlincə, ötən gün paytaxt polisinin əməkdaşı İbrahim İbrahimov xəstəxanada jurnalistə baş çəkib. O bildirib ki, istintaqı Daxili İşlər Nazirliyi aparır.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun və “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov aprelin 18-də ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni videoya çəkərkən döyülüb. Istintaq onu zərərçəkən kimi tanıyıb, lakin indiyədək jurnalisti döyənlərdən heç kim məsuliyyətə cəlb olunmayıb, baxmayaraq ki, jurnalist onların hamısını üzdən tanıyır.

XS
SM
MD
LG