Accessibility links

3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür


BMT və YUNESKO hesab edir ki, informasiya müstəqilliyi cəmiyyətlərə daha geniş şəffaflığa və hesabatlılığa keçid vəd edir.

3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT-nin Baş katibi Pan Ki-mun və YUNESKO-nun baş direktoru Irina Bokova birgə müraciətlə çıxış edib.

Sənəddə deyilir ki, ifadə azadlığı ən dəyərli insan hüquqlarından biridir. Bu hüquq bütün digər azadlıqların əsası olub, insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün ən vacib amil azad, plüralist və müstəqil mediadır.

BMT və YUNESKO bildirir ki, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya, ideyaları qəbul etmək və yaymağa icazə verir. “Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir”.

Müraciətdə deyilir ki, ərəb dünyasında baş verən dəyişikliklər yeni və ənənəvi media alətlərinin birləşdiyi zaman insan hüquqlarına nail olmağın mümkünlüyünü göstərdi. “İnformasiya müstəqilliyi cəmiyyətlərə daha geniş şəffaflığa və hesabatlılığa keçid vəd edir. Bu vəziyyət ünsiyyət qurmaq, informasiya və bilikləri paylaşmaq üçün yeni yollar açır. Xüsusilə də, əvvəllər baş verən hadisələr qarşısında səssiz qalan gənclərin əzəmətli səsləri ucalır. Bu səbəbdən də “Yeni Səslər: Mətbuat azadlığı” cəmiyyətləri dəyişməyə kömək edir mövzusu bu ilki Ümumdünya Mətbuat Azadlığı Günündə diqqət mərkəzində durur.

BMT-nin Baş katibi və YUNESKO-nun baş direktoru bildirir ki, mətbuat azadlığı dünyada bir çox ciddi təzyiqlərlə üzləşir. “Ötən il, YUNESKO peşə fəaliyyətinə görə 62 nəfər jurnalistin öldürülməsi faktını qətiyyətlə pisləyib. Həmin jurnalistlər heç bir zaman unudulmamalı və bu cinayətlər cəzasız qalmamalıdır”.

Sənəddə qeyd edilir ki, xəbərlərin internet vasitəsilə izlənməsi artdıqca, daha çox onlayn jurnalistlər, o cümlədən bloqçular peşə fəaliyyətlərinə görə təqib və hücuma məruz qalır. “Onlar da ənənəvi media işçiləri ilə eyni dərəcədə qorunmalıdır”.

13 və 14 sentyabr 2011-ci ildə Jurnalistlərin Müdafiəsi və Cəzasızlıq problemi üzrə BMT-nin ilk agenliklərarası görüşü YUNESKO-da keçirilib. “Biz jurnalistlər və mətbuat nümayəndələri üçün hər yerdə daha sərbəst və təhlükəsiz mühit yaratmaq məqsədi ilə BMT-nin Fəaliyyət Planını tərtib etdik. Eyni zamanda, xüsusilə keçid dövrünü yaşayan və ya münaqişə sonrası bərpaya ehtiyacı olan ölkələrdə azad, plüralist və müstəqil media üçün hüquqi əsasları gücləndirməyə davam edəcəyik. İnformasiya izafiliyi yaşadığımız bir dövrdə biz gənclərə tənqidi düşüncə bacarığını və media savadlılığını inkişaf etdirməkdə yardım etməliyik”, - deyə birgə müraciətdə qeyd edilir.

Cənab Pan Ki-mun və xanım Irina Bokova hesab edir ki, Ümumdünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə mübarizə bayrağını qaldırmaq üçün bir imkandır. “Biz üzv dövlətlərə, dünyanın hər yerində fəaliyyət göstərən peşəkar media və qeyri-hökumət təşkilatlarına səslənərək onları həm internet, həm də digər yerlərdə beynəlxalq qəbul olunmuş prinsiplər əsasında özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırırıq. Bu fərdi hüquqlar üçün bir sütun, sağlam cəmiyyətlərin təməli və sosial dəyişiklik üçün gücdür”, - deyə sənəddə vurğulanır

XS
SM
MD
LG