İnsan haqlarını müdafiə edən Amnesty International təşkilatından Amerikanın səsinə verilən məlumata görə, qurum 2012-ci il Eurovision müsiqi müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda repressiyalar barədə interaktiv məlumat yaymağı planlaşdırır. Bundan başqa təşkilat Azərbaycan rəsmilərini ifadə azadlığına hörmət etməyə çağıran Twitter kampaniyası da keçirəcək.
Amnesty International bildirir ki, Eurovision müsabiqəsinin bəzi keçmiş qalibləri də daxil olmaqla Avropadan bir çox musiqiçi Azərbaycan hökumətini ifadə azadlığına hörmət etməyə çağıran kampaniyasına qoşulacaq.
"Aprel ayının 2-si Amnesty International Eurovision müsiqi müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyini Azərbaycanda insan haqlarına hörmət olunması üçün daha çox addım atmağa çağıran kütləvi Twitter və Facebook kampaniyaya başlayacaq" - deyə təşkilat bildirir.
Amnesty International-ın açıqlamasında deyilir ki, hökumət əleyhinə dinc aksiyalarında tam bir il sonra hələ də 14 nəfər dəmir barmaqlıqlar arxasındadır. Təşkilat onların dərhal azadlığa buraxılması üçün kampaniyasını daha da gücləndirir.
Amerikanın səsinin məlumatına görə, Amnesty International-ın Azərbaycan üzrə kampaniya koordinatoru Max Tucker (Maks Taker) Eurovision müsiqi müsabiqəsinin sərbəst ifadəni təbliğ etdiyini və təşkilatçıların media azadlığını müdafiə etdiyini bildirir: "Azərbaycan Avropada media və ifadə azadlığı ilə bağlı ən pis mühitlərdən birinə malikdir. Sadə azərbaycanlılar son 20 ildə sərbəst şəkildə danışa bilmir və qorxu atmosferində yaşayırlar"-deyə Max Tucker bildirir.
Azərbaycan hökumətinin Eurovision - 2012-ni keçirmək üçün milyonlarla dollar xərclədiyini dilə gətirən cənab Tucker ölkənin bu müsabiqənin uğurlu olmasına çalışdığını bildirib: "Buna görə, az müddət qalmasına baxmayaraq Avropa Yayım Birliyinin əlində hökumətdən ifadə azadlığına hörmət etməyi tələb etməsi üçün unikal fürsət var. Bu, bu ilki müsabiqənin ən böyük uğuru ola bilər".
Danimarka, Finlandiya, İslandiya, Hollandiya, Norveç, Polşa, Ukrayna və Böyük Britaniyadan olan keçmiş Eurovision iştirakçıları bu kampaniyaya imza atıb. Kampaniyaya qoşulanlar arasında Bolqarıstan, Almaniya və hətta Azərbaycanın özündən olan musiqiçilər də var.