Accessibility links

Sulutəpədə ev tikənlərlə sökənlər toqquşub


Qarşıdurmaya Dövlət Neft Şirkətinin mühafizəçilərinin evləri sökməsi səbəb olub.

Bu gün Binəqədi rayonunun Yuxarı Sulutəpə qəsəbəsində yerli sakinlərlə Dövlət Neft Şirkətinin (ARDNŞ) xüsusi təyinatlı mühafizə dəstəsi arasında qarşıdurma yaranıb.

Turan Agentliyinin məlumatına görə, ARDNŞ-nin mühafizə dəstəsi ərazidəki evlərin söküntüsünə başlayıb. Bu isə ev sakinlərini qəzəbləndirib və onlar mühafizəçilərə daş parçaları atıblar. Lakin evlərin uçurulması davam edib. Bunu görən sakinlər armatur və digər alətləri götürərək ARDNŞ işçilərinə hücum edib. Təzyiqə davam gətirməyən mühafizəçilər qaçıb.

Polis ərazini mühasirəyə alıb. Həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Amma polis hadisəyə müdaxilə etmir.

Qarşıdurma nəticəsində ARDNŞ-nin beş işçisi döyülüb və xəsarət alıb. Həmçinin 10 yerli sakin xəsarət alıb.

ARDNŞ-çilərin gəldikləri 5 avtobusun şüşələri sındırılıb. Son məlumatlara görə, ARDNŞ-nin mühafizə xidməti 10 evi və digər tikilini qismən və ya tamamilə uçurub.

Qeyd edək ki, bu ərazi Dövlət Neft Şirkətinə məxsusdur. Müxtəlif illərdə ərazidə yüzlərlə ev tikilib. Adamlar buna görə icra hakimiyyəti orqanlarından, həmçinin bələdiyyədən icazə alıb. Lakin, ARDNŞ tikililəri qanunsuz hesab edir. Eyni zamanda sakinlər bildirirlər ki, əgər evlər qanunsuzdursa, niyə İcra Hakimiyyəti onların inşasına icazə verib. Ötən il ARDNŞ onlarla evi söküb, lakin sonradan sakinlər onları bərpa edib.

XS
SM
MD
LG