Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Amerikanın Foreign Policy jurnalının Azərbaycanın öz aerodromlarını İrana qarşı hərbi əməliyyatlarda istifadə üçün İsrailə verməsi haqqında yaydığı məlumatı təkzib edib.
”Azərbaycanın İranla yaxşı qonşuluq münasibətləri var, bu, bir ay əvvəl xarici işlər nazirlərinin Naxçıvanda verdiyi üçtərəfli bəyannamədə təsdiqini tapıb. Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması istisna edilir”,- deyə nazir Məmmədyarov qeyd edib.
Xatırladaq ki, martın 28-də Amerikanın Foreign Policy jurnalında Azərbaycan İran sərhədinə bilavasitə yaxınlıqda yerləşən aviabazalarını İsrailin sərəncamına verdiyini yazıb. “Ola bilər ki, İsrail Azərbaycan aerodromlarından İranın nüvə obyektlərinə zərbə üçün istifadə etsin. Bazalardan benzin çənləri İsraildən enişsiz İrana və geriyə uçuş üçün nəzərdə tutulmayan ağır bombardmançı təyyarələrə benzin vurulması üçün istifadə oluna bilər”, - deyə Foreign Policy Ağ Evdə yüksək vəzifəli mənbələrə istinadla yazır.
“İsraillilər aerodrom alıblar, - deyə Vaşinqton administrasiyasındakı mənbə bildirib. - Bu aerodrom Azərbaycan adlanır”.
İsrail Azərbaycan aviabazalarından bilavasitə hərbi məqsədlərlə istifadə etməsə də, qonşu İran ərazisi üzərində hava əməliyyatları zamanı zəruri olan axtarış-xilasetmə dəstələrinin sahə düşərgələri orada yerləşdirilə bilər. “Bakı ilə sıx əməkdaşlıq İsrailin bölgədəki mövqeyini möhkəmləndirir”, deyə jurnal Amerika xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşından sitat gətirir.
Jurnal yazır ki, Ağ Evdə İsrail-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin İsrail Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsi ehtimalını artırdığını hesab edirlər. ABŞ Prezident Administrasiyasından qeyd ediblər ki, Azərbaycan-İsrail arasında hərbi sahədə əməkdaşlıq Amerika tərəfi üçün İranın nüvə probleminin diplomatik həllinin axtarışını çətinləşdirir. “Biz İsrailin Azərbaycanda fəaliyyətini müşahidə edirik və bundan məmnun deyilik”, deyə Ağ Evdəki mənbə dərgiyə bildirib.