Accessibility links

Şahin Hacıyev: Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir (Audio)


İsraili xarici işlər naziri Azərbaycanda yüksək səviyyədə danışıqlar aparıb. Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 4 milyard dollar təşkil edir.

Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin xarici işlər naziri Aviqdor Libermanın aprelin 22-24-də Azərbaycana rəsmi səfərinin təfərrüatlarından danışıb.

Onun sözlərinə görə, cənab Libermanın Azərbaycana səfəri və iki ölkə arasındakı münasibətlərin inkişafı İran, Rusiya və hətta Türkiyə tərəfindən birmənalı qarşılanmır. “İsrail xarici işlər nazirinin hazırki mürəkkəb beynəlxalq durumda Azərbaycana səfəri riskli hesab edilə bilər. Bununla yanaşı, cənab Libermanın Bakıda yüksək səviyyədə danışılar aparması və danışıqlardan sonrakı bəyanatları iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyinə işarədir. Çox yəqin ki, İsrail xarici işlər naziri son zamanlar Amerika, Azərbaycan, İsrail üçlüyü arasında yaranmış narazılığı aradan qaldırıb. Çünki, bu səfər Amerika jurnalında Azərbaycanın aeroportlarının İsrailin İrana qarşı istifadəsi üçün verilməsi barədə məqalənin dərcindən və İranın Azərbaycanın əleyhinə kəskin bəyanatlarından sonraya təsadüf edir”.

Cənab Hacıyev həmçinin İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatmasını, Azərbaycanın İsraildən müasir hərbi texnika və sursat almasını, eyni ilə də Azərbaycanın İsraildə neft konsorsiumuna daxil edilməsini mühüm adlandırıb. “Azərbaycan MDB məkanında İsraillə ən çox ticarət dövriyyəsinə malik olan dövlətdir”, - deyə o qeyd edib.

Bu gün İranın xarici işlər naziri Türkiyə və Azərbaycan xarici işlər nazirlərinə zəng edərək vacib regional məsələləri müzakirə etdiyi bildirilir. “Rəsmi məlumat yayılmasa belə, İsrail-Azərbaycan danışıqlarında İran problemi diqqət mərkəzində olub. Çox yəqin ki, İranın xarici işlər naziri buna etiraz bildirib”, - deyə o qeyd edib.

Cənab Hacıyev hesab edir ki, müxtəlif təzyiqlərə baxmayaraq Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək. “Bunun Azərbaycana xeyir və ya ziyan gətirəcəyini demək çətindir. Amma, bir məsələ məlumdur ki, müxtəlif təzyiqlərə baxmayaraq prezident Əliyev Azərbaycanın heç bir dövlətin təzyiqinə əyilməyəcəyini nümayiş etdirir. Prezidentin siyasətində İsraillə münasibətlərin inkişafı və Azərbaycanın müstəqil xarici siyasət yeritdiyi açıq nümayiş etdirilir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG