Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 19-da NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında çıxış edib.
Nazir bildirib ki, Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş Əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə ISAF əməliyyatlarına töhfə verməyə davam etməkdə qərarlıdır. “Biz təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin əfqan hakimiyyətinə ötürülməsini dəstəkləyirik. Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir”.
Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir. “Azərbaycan prezidenti İlham Əliyevin cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro ayrıldığını elan etdi və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülmüşdür. Və bu bir başlanğıcdır”.
Azərbaycan tam şəkildə inanır ki, geniş miqyaslı mülki təlim proqramları da digər bir prioritet sahə olmalıdır. “Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan müxtəlif institutlar - Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir. ANAMA bu yaxınlarda Əfqanıstan məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlamış və bu ölkəyə çatdırmışdır. Bu xüsusilə Əfqan dostlarımız tərəfindən yüksək qiymətləndirilmişdir”, -deyə nazir qeyd edib.
Cənab Məmmədyarov Azərbaycanla NATO arasında sıx siyasi dialoq və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulayıb. “Bunlar NATO-nun başçılıq etdiyi ISAF əməliyyatlarına və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca töhfə verən amillər olub”.