Fevralın 12-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Xarici işlər Nazirliyinə dəvət edilərək, ona etiraz notası təqdim olunub.
İRNA dövlət agentliyinin məlumatına görə, İran tərəfi Azərbaycanı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edir. Rəsmi Tehran bildirir ki, məhz “Mossad”ın agentləri bu yaxınlarda nüvə üzrə alimlərin qətlini həyata keçirib və sonra Azərbaycan ərazisi vasitəsilə İsrailə gediblər. Sonuncu dəfə bu ilin yanvarında Tehranda Mustafa Əhmədi Rövşənə qətlə yetirilib. Bundan əvvəl alim və hərbçilərə qarşı analoji qətllər törədilib. Ən ciddi terror hadisəsi kimi raket bazalarından birinin partladılması göstərilib. Nəticədə onlarla mütəxəssis və hərbçi həlak olub.
İRNA-nın məlumatına görə, Tehran Bakıdan İrana qarşı əməliyyatın keçirilməsi üçün öz ərazisindən istifadə edilməsinə son qoymağı tələb edib. Səfir notanı öz hökumətinə çatdıracağını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasını çox sərt qarşılayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, İran tərəfinin Azərbaycana təqdim etdiyi absurd xarakterli nota yalan, iftira və böhtandır. “Bu Azərbaycanın İran tərəfinə bir neçə gün öncə təqdim etdiyi notaya reaksiyadır”.
Onun sözlərinə görə, Azərbaycan ötən ilin sonlarında həbs edilmiş İran xüsusi kəşfiyyat orqanları ilə əlaqədə olan şəxslərlə bağlı İrana nota verib. Həbs edilən şəxslər İran xüsusi xidmət orqanları tərəfindən silah və sursatla təmin edilib. Həmin şəxslərə Bakıdakı yəhudi məktəbinin müəllimlərini qətlə yetirmələri ilə bağlı təlimatlar verilib. “Azərbaycan İranla mehriban qonşuluq tərəfdarıdır. Amma, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan belə fəaliyyətlər Azərbaycan-İran münasibətlərinə təsir göstərir”, - deyə o qeyd edib.
Mətbuat katibi bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi ərazisində başqa dövlətlər tərəfindən hər hansı terrora imkan verməyəcək. “Azərbaycan ərazisində terrora cəhdə, terrorun maliyyələşdirilməsinə, terrorçu qrupların və ya şəxslərin hər hansı fəaliyyətinə imkan verməyəcək. Biz indiyədək belə fəaliyyətlərin qarşısını qətiyyətlə almışıq və bundan sonra qarşısı alcağıq”, - deyə cənab Abdullayev qeyd edib.