Accessibility links

Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbs edilən islamçıların sayı artır


Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbs edilən islamçıların sayı artır
Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbs edilən islamçıların sayı artır

Saxlanılanlar barəsində 2-3 aylıq həbs qətimkan tədbiri seçilib. Ekspert İran xüsusi xidmət orqanlarının təxribat xarakterli hərəkətlinin aktiv formaya keçəcəyini güman edir.

Turan Agentliyinin məlumatına görə, son günlər saxlanılan islamçılara qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partladıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Vəkillərin dediklərinə görə, ittiham Milli Təhlükəsizlik Nazirliyi tərəfindən irəli sürülüb və istintaqı nazirliyin istintaq qrupu aparır. “Media Forum” saytı həbs edilənlərin adbaad tam olmayan siyahısını dərc edib. Bu siyahıda 23 nəfərin adı var. Amma, saxlananların sayı daha çoxdur və siyahının daha da artacağı ehtimal olunur. Həbs edilənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. Onların arasında ruhanilər, axundlar, jurnalistlər, ticarətçilər, kiçik bizneslə məşğul olanlar və b. var. Həbslər Bakı və Bakı kəndlərini, Sumqayıt, Gəncə, Cəlilabad şəhərlərini, ümumilikdə isə şiələrin yaşadığı regionları əhatə edir. Bakının Nardaran kəndindən 9 nəfər barəsində (7 nəfər dövlətə xəyanətdə ittiham olunur) həbs qəti imkan tədbiri seçilib.

Saxlanılanlar barəsində məhkəmələr tərəfindən 2-3 aylıq həbs qətimkan tədbiri seçilib və onların əksəriyyəti Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılır.

Vəkil Esmiralda Zeynalova Amerikanın Səsi radiosuna bildirib ki, müdafiə etdiyi Taleh Rəsulov Cinayət Məcəlləsinin 274- cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edilir. İttiham MTN tərəfindən irəli sürülüb. Səbayel Rayon Məhkəməsi Taleh Rəsulovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Cahangir Cavadov Amerikanın Səsi radiosuna deyib ki, müdafiə etdiyi Rahim Qasımova qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi qaldırılıb və məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Vəkil Rafət Qurbanov deyib ki, Əbülfəz Zəkiyevə qarşı CM-nin 228.2.1 maddəsi ilə (qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlatıcı maddələr və qurğular əldə etmə, başqasına vermə saxlama, daşıma və gəzdirmə) cinayət işi başlanıb və barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
Öz növbəsində, Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Amerikanın Səsi radiosuna, “həbslərlə bağlı MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzində hər hansı məlumat yoxdur”, - deyə bildirib.

Bununla yanaşı, fevralın 21-də dövlət televiziyasında (AzTV) Milli Təhlükəsizlik Nazirliyinin 2008-ci ildə zərərsizləşdirdiyi İran xüsusi xidmət orqanları ilə bağlı mütəşəkkil terrorçu dəstə barədə film efirə verilib. İranın xüsusi xidmət orqanı “Sepah” və “Hizbullah” tərəfindən yaradılmış terrorçu dəstə Azərbaycanda xarici vətəndaşlara qarşı terror törətməli idi. Dəstə İranın xüsusi xidmətinin (“Sepah”) tapşırığı ilə kəşfiyyat məlumatları toplayıb. Filmdə dəstənin başçısı və onları təlimatlandıran İran xüsusi xidmət orqanının rəsmisi haqqında məlumatlar yer alıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan tərəfi bir qayda olaraq zaman-zaman İran xüsusi xidmət orqanlarının Azərbaycanda hazırladıqları terror aktlarını qabaqcadan müəyyən edir və qabaqlayıcı tədbirlər görür. “2008-ci ildə aşkar edilmiş terrorçu dəstə ilə bağlı da məlumatlar o zaman ictimaiyyətə açıqlanmayıb. Bu Azərbaycanın ehtiyatlı davranışından və iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəməsindən irəli gəlib. Amma, hazırda İran xüsusi xidmət Azərbaycana qarşı açıq hücuma başlayıb. Məhz, bu səbəbdən də Azərbaycan müdafiə olunmaq üçün bəzi məlumatları açıqlamağa məcbur olub”.

Onun fikrincə, İranla qərb arasında münasibətlər kəskinləşdikcə İran xüsusi xidmət orqanlarının fəaliyyəti də daha açıq və aqressiv xarakter alacaq. “Azərbaycan BMT-də Suriyaya qarşı sanksiyaları dəstəkləməklə qərb mövqeyində durduğunu bir daha təsdiq etdi. Bu İranın Azərbaycana qarşı münasibətlərini daha da kəskinləşdirib. Faktiki Suriyaya qarşı olmaq həm də İran qarşı olmaqdır”, - deyə ekspert qeyd edib.

Cənab İsmayıl Azərbaycan xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görmək məqsədi ilə faydalı məlumatları vaxtında topladığı qənaətindədir. “Azərbaycan xüsusi xidmət orqanlarının topladığı qabaqlayıcı məlumatlar sayəsində son illər çoxsaylı terror aktlarının qarşısı alınıb. Təbii ki, bu işdə Azərbaycanın müttəfiqləri də yaxından kömək edir”.

Ekspert Azərbaycanın müttəfiqlərinin bu sahədə fəaliyyətini daha da gücləndirməsini vacib sayır. “İran xüsusi xidmət orqanları vasitəsi ilə Azərbaycana təsirlərini və təxribatını daha aktiv formada gücləndirəcək”.

XS
SM
MD
LG