Accessibility links

MTN İrandan Azərbaycana silah, sursat və narkotik keçirən qrupu saxlayıb


Qrupun bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə odlu silah, döyüş sursatı və hərbi ləvazimatlar, narkotik maddə keçirən qrupu saxlayıb.

MTN-nin ictimai əlaqələr mərkəzinin məlumatına görə, İran vətəndaşları Əbdi Nasir, Dəlir Əli, Azərbaycan vətəndaşları Xubaliyev Qabil, Məmmədov Ruslan, Mürşüdov Arzuman, Lalayev Niyaməddin və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı və satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib, mühafizə olunan dövlət sərhədini pozaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan ərazisinə gəlib.

Keçirilmiş baxış zamanı Arzuman Mürşüdovun yaşadığı evdən 1 ədəd "AKM" tipli avtomat silah, ona aid 2 ədəd avtomat darağı və 273 ədəd patron, 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd əl qumbarası, 1 ədəd gecəgörmə cihazı, 1 kiloqarama yaxın heroin, 3 qramdan artıq tiryək, Nasir Əbdidən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd daraq, 3 qramdan artıq tiryək, təxminən 1,5 qram metamfetamin, Əli Dəlirin üzərindən "Makarov" tipli tapançaya aid içərisində 8 ədəd patron olan 1 ədəd daraq, Ruslan Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomaşının yük yerindən qrupa məxsus 2 kiloqram 833,7 qram tiryək və 522,4 qram heroin, sonuncun üzərindən 3,988 qram marixuana, Qabil Xubaliyevin üzərindən 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Niyaməddin Lalayevin yaşadığı Xaçmaz şəhərindəki evinə keçirilmiş baxış zamanı ayrı-ayrılıqda qablaşdırılmış 22,903 qram heroin və 50 qrama yaxın marixuana aşkarlanıb. Eyni zamanda, Niyaməddin Lalayevin həmin evində yaşayan Azərbaycan vətəndaşı Qəniyev Vadim də saxlanıb və ondan "İJ79-93" markalı 1 ədəd qaz silahı, ona aid 2 ədəd daraq və 14 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının, narkotik vasitələrin qaçaqmalçılığı), 234.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri təkrarən əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Əbdi Nasir, Dəlir Əli, Xubaliyev Qabil, Məmmədov Ruslan, Mürşüdov Arzuman, Lalayev Niyaməddin, Qəniyev Vadim təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG