Martın 7-də Naxçıvan şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və İran xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə Xarici İşlər Nazirlərinin üçtərəfli görüşünün ikinci sessiyası keçirilib.
Azərbaycan XİN-i mətbuat xidmətinin məlumatına görə, üçtərəfli görüşün nəticəsi olaraq, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvan Bəyanatını imzalayıb.
Sənəddə deyilir ki, tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Tərəflər qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlərin xarici işlər nazirləri səviyyəsində, həmçinin, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəklər.
2. Tərəflər Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin regionun ortaq maraqlarına tövhə verəcəyinə inanırlar.
3. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edir və regional əməkdaşlığın təşviqi vasitəsilə sülh və sabitliyin qorunub saxlanılmasının gücləndirilməsinin regional münaqişələrin sülh yolu ilə həllinə müsbət təsir göstərəcəyini və ümumi maraqlara xidmət edəcəyini vurğulayırlar.
4. Tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edirlər.
5. Tərəflər terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və qanunsuz silah alveri, həmçinin, insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklər. 6.Tərəflər üç ölkə xalqlarının rifah halının yaxşılaşdırılması, iqtisadi artım və inkişafın gücləndirilməsi məqsədi ilə, iqtisadi, enerji, ticarət, sənaye, nəqliyyat, telekommunikasiya, rabitə, mətbuat, mədəniyyət, idman və ətraf mühitin qorunması sahələrində əlaqələrin birgə layihə və əməkdaşlıq planları vasitəsi ilə daha da inkişaf etdirilməsini təşviq edəcəklər.
7. Tərəflər Üçtərəfli İqtisadi Komitənin tövsiyələrinə uyğun olaraq, iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsi, həmçinin öz ölkələrində rifah halının və tərəqqinin təşviq edilməsi məqsədilə birgə fəaliyyət göstərməkdə davam edəcəklər.
8. Üçtərəfli İqtisadi Komitə tərəfindən yaradılmış alt komitələr əlavə edilmiş vaxt cədvəlinə uyğun olaraq, Komitənin 2012-ci ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan görüşündən əvvəl öz iclaslarını keçirəcəklər.
9. Tərəflər tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklər.
10. Tərəflər mərhələli şəkildə tədbirlərin görülməsi vasitəsilə öz vətəndaşlarının bir-birinin ərazisinə vizasız səyahət etmə imkanlarını nəzərdən keçirəcəklər.
11 .Tərəflər Beynəlxalq Atom Enerjisi Agentliyinin normaların həyata keçirilməsi sahəsində yeganə səlahiyyətli qurum olduğunu nəzərə alaraq, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə çərçivəsində heç bir ayrı-seçkilik və qeyri-bərabərlik olmadan dövlətlərin sülh məqsədləri üçün nüvə enerjisi əldə etmək hüququnu dəstəkləyir.
12. Tərəflər Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından azad zona yaradılması barədə 1995 saylı Yaxın Şərq üzrə Qətnamənin həyata keçirilməsi üçün fəaliyyət planının qəbul edildiyi 2010-cu il tarixli Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin yenidən nəzərdən keçirilməsi üzrə Konfransın yekun sənədini dəstəkləyir.
13. Tərəflər dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi və sərhəd və gömrük məsələlərində təcrübə mübadiləsi imkanlarını araşdıracaqlar.
14. Tərəflər Bakı - Tbilisi - Qars dəmiryolunun mövcud Naxçıvan - Culfa - Təbriz dəmiryoluna birləşdirilməsi imkanlarını araşdıracaqlar.
“Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Fərhad Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, uzun müddətdir təxirə salınan görüşün indiki anda baş tutması İrana qarşı beynəlxalq təzyiqlərin artması ilə bağlıdır, “Bir qayda olaraq Azərbaycana qarşı hədə tonunda danışan İran, son bir neçə həftədə 3 diplomatik etiraz notası verib. İran daim Azərbaycan və Türkiyəyə qarşı ittihamlar irəli sürür. Digər tərəfdən isə dərk edir ki, indiki anda Azərbaycan və Türkiyə kimi qonşularını da itirərsə tam təcrid vəziyyətinə düşəcək. Bu səbəbdən də İranın mövqeyində yumşalma yaranıb”.
Şərhçi sənədi təhlil edərkən bildirib ki, tərəflərin ərazisində düşmənçiliyə gətirib çıxaracaq təhdid və fəaliyyətə yol verilməməsi barədə öhdəlik götürməsinə baxmayaraq - yerinə yetirməyəcək. “Çünki, İranla Azərbaycan arasında bu barədə 1990-cı illərin əvvəlində ikitərəfli qaydada müqavilə də bağlanıb. Buna baxmayaraq, Azərbaycanda hər iki-üç aydan bir İsrailin Azərbaycandakı maraqlarının əleyhinə fəaliyyət göstərən insanlar həbs edilir”.