Azadlıq qəzetinin çapı dayana bilər

"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

Nəşriyyat qəzetə iyunun 1-dək vaxt qoyub
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə iyun ayının 1-nə qədər vaxt verib. Həmin vaxta qədər nəşriyyata olan borc ödənilməsə qəzetin çapı dayandırılacaq. Bu barədə nəşriyyat rəhbərliyinin qəzetə göndərdiyi məktubda deyilir.

Qəzetin “Azərbaycan” nəşriyyatına mayın 20-dək 18 min manat borcu yaranıb.

Öz növbəsində “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, borcun yaranması ciddi səbəblərlə bağlıdır. “Son illərdə “Azadlıq”a qarşı hakimiyyətin apardığı təzyiq kampaniyası qəzetin maliyyə vəziyyətinin hədisz ağırlaşamasına səbəb olub. Metroda qəzet satışının qadağan edilməsi, əl yayımına qarşı qoyulan yasaqlar, eləcə də KİV-ə dövlət Dəstəyi Fondunun əməkdaşlığı dayandırması qəzeti faktiki olaraq gəlir mənbələrindən məhrum edib. Nəşriyyat bizdən ona olan 18 min manat borcunu tələb etdiyi vaxtda “Qasid” Firmasının bizə olan borcu 70 min manata çatıb. Qəzet satışına yaradılmış süni əngəllər, reklamın yoxluğu mövcud vəziyyətdə “Azadlıq”ın bağlanma təhlükəsinin nə qədər real olduğunu göstərir. Qəzet üçün yaradılmış bu ağır problemlərin həlli naminə biz “Azadlıq”ın kollektivi olaraq ictimaiyyətə üz tutmağa məcburuq. Güman edirik ki, Azərbaycanın demokratik ictimaiyyəti ölkəmizin ictimai-siyasi həyatının böyük fenomeni olan “Azadlıq”ı xilas etmək üçün zəruri addımlar atacaq və biz fəaliyyətimizi davam etdirəcəyik”, o qeyd edib.

“Azadlıq” qəzeti ölkənin müstəqillik dövrünün ilk azad mediasıdır. Qəzet 1989-cu il dekabrın 24-dən çapa başlayıb. Bütün dövrlərdə əsas tənqidi firkin daşıyıcısı olub. “Azadlıq” qəzetinin baş redaktoru və bir neçə əməkdaşı xaricdə məcburi mühacirətdədir, əməkdaşları dəfələrlə həbs edilib, fiziki təzyiqlərə məruz qalıb.