“Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin çapını dayandırıb. Qəzetin çapının nə vaxt bərpa ediləcəyi məlum deyil.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib ki, bu gün qəzetin rəhbərliyi ”Azərbaycan” nəşriyyatının rəhbərliyi ilə görüşüb və qəzetin çapının davam etdirilməsi barədə razılıq əldə etmək mümkün olmayıb.
Bir neçə gün öncə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə xəbərdarlıq məktubu göndərib.
Məktubda deyilir: “Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən 7 noyabr 2013-cü ilədək çap xərclərinə görə 21 410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi 24 098 manat debitor borcu yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün kifayət qədər tədbir görülməyib, bunun nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb. 12 noyabr 2013-cü ilədək debitor borcların hissə-hissə ödənilməsini xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq”.
Rahim Hacıyev deyib ki, nəşriyyata borcun yaranması “Qasid” mətbuat yayımı firmasının satdığı qəzetlərin pulunu ödəməməsidir.
“Məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik. Hazırda “Azadlıq”dan 65 min manat tələb edilir. Biz isə bu məbləği vermək iqtidarında deyilik”, - o bildirib.
Bununla belə aktiv gənclər facebook sosial şəbəkəsində qəzetin düşdüyü ağır durumla bağlı yerli və beynəlxalq aləmdə dəstək aksiyası keçirirlər.
Qeyd edək ki, noyabrın 7-də Bakı metropoliteninin rəisi Tağı Əhmədov məhkəmə iddiası üzrə “Azadlıq” qəzetinin ona 30 min manat pul kompensasiyasını hissə-hissə ödəməsi barədə qərarına yenidən baxıb. T.Əhmədov vəsaitin 10 il müddətində aylıq 300-400 manat həcmində ödənilməsi ilə bağlı bu ilin mayında verdiyi razılıqdan imtina edib. eləliklə, qəzetə qarşı pul sanksiyasının məbləği 65 min manata (83 min dollar) çatıb.
“Azadlıq” qəzetinin rəhbərliyi noyabrın 13-də saat 13.00-da RATİ-də qəzetinin çapının dayandırılması səbəbləri və vəziyyətdən çıxış yolları ilə bağlı mətbuat konfransı keçirəcək.
“Azadlıq” qəzeti Azərbaycanın ilk müstəqil qəzetidir. Qəzet 1989-cu il dekabrın 24-də nəşrə başlayıb.