Avropa Parlamentinin böyük deputat qrupu (5 qrupun təmsilçiləri) İran ayətullahının publisist Rafiq Tağının qətlinə fətva verməsini pisləmədiyinə görə Azərbaycan hakimiyyətini tənqid edən, eyni zamanda publisistin ölüm faktını pisləyən qətnamə layihəsini gündəliyə çıxarıblar.
Rafiq Tağı 2011-ci il noyabrın 10-da dərc edilən məqaləsinə görə hədə-qorxuya məruz qalıb. Məqalədə İranın indiki hökuməti tənqid edilib. 2006-cı ildə Rafiq Tağı “Avropa və biz” məqaləsinə görə məhkum olunub. O, məqalədə islamı tənqid edərək bildirmişdi ki, islam dəyərləri Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına imkan vermir və demokratik inkişafdan geri qalmasına xidmət edir. Bundan sonra, İranın dini xadimi ayətullah Fazil Lənkərani Rafiq Tağının və bu məqaləni dərc edən “Sənət” qəzetinin redaktoru Samir Sədaqətoğlunun ölümünə fətva verib.
Qətnamə layihəsində qeyd olunur ki, Azərbaycanda jurnalistlərə hücumla bağlı statistika yüksəkdir ki, bu bütün mediaya şamil edilən qorxu və cəzasızlıq atmosferinin yaranmasında mühüm rol oynayır. Bununla əlaqədar Avropa Parlamenti Rafiq Tağının qətlini kəskin şəkildə pisləyir, Samir Sədaqətoğlunun təhlükəsizliyi ilə bağlı narahatlığını bildirir və Azərbaycan hakimiyyətinin Rafiq Tağının qətlini pisləməyə qadir olmamasından məyusluğunu ifadə edir.
Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin araşdırılması üzrə xüsusi işçi qrupunun yaradılması ilə bağlı hərəkətini alqışlayır, həmçinin Azərbaycan hakimiyyətini günahkarların məsuliyyətə cəlb olunması və məhkəməyə verilməsi üçün hərtərəfli, effektiv təhqiqatın aparılmasına çağırır.
Avropa Parlamenti xatırladır ki, Avropa İnsan Hüquqları Konvensiyası dinin tənqid edilməsi də daxil olmaqla, fikir və onun ifadə olunması azadlığını nəzərdə tutur və qeyd edir ki, söz azadlığı hüququ azad və demokratik cəmiyyətin əsasını təşkil edir.
Avropa Parlamenti bildirir ki, baxışları kiməsə “təhqiredici” kimi görünə bilən şəxslərə qarşı təhdidlər qəbuledilməzdir. Bu cür hədələrə və təhriklərə görə cavabdeh olan şəxslər məsuliyyətə cəlb edilməlidir, söz azadlığı və təhdidlərə məruz qalanların təhlükəsizliyinə zəmanət verilməlidir.
Avropa Parlamenti İranı hazırda ölkə parlamentində müzakirə olunan Cinayət Məcəlləsindən “ölümə layiq görülür” anlamını çıxarmağa çağırır. Avropa Parlamenti ölümə çağıran fətvaların həyata keçirilməsindən İran məhkəməsində qətldə günahlandırılan şəxsin müdafiəsində istifadə edilə bilməsindən narahatdır.
Müstəqil ekspertlər Avropa Parlamentini bu qətnamə layihəsini qəbul etməsini istəyir. “Narahat doğuran cəhət odur ki, indiyədək Azərbaycanda qətlə yetirilən və fiziki təzyiqlərə məruz qalan jurnalistlərin cinayət işinin istintaqında irəliləyiş yoxdur. Azərbaycan hökuməti 2005-ci ildə qətlə yetirilmiş Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərini tutmayıb, qətlin sifarişçilərini müəyyən etməyib”, - deyə Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Ekspert Azərbaycan siyasi hakimiyyətinin İran din xadiminin Azərbaycan vətəndaşının ölümünə fətva verməsinə münasibət bildirməsini vacib sayır. “Çünki, Azərbaycan qanunvericiliyinə görə, insanı ölümlə hədələmək cinayət əməli kimi tövsif olunub”.
Cənab Baxışov eyni zamanda İran Cinayət Məcəlləsinin 226-cı maddəsində ölümə haqq qazandırılmasını təhlükəli adlandırıb. “İran Cinayət Məcəlləsindən bu maddə çıxarılmazsa Azərbaycan hökumətinin Rafiq Tağının ölümünə fətva vermiş və ya onu qətlə yetirmiş şəxsin istintaqa cəlb edilməsi ilə bağlı İran tərəfi ilə birgə iş aparması mümkün görünmür”, - deyə ekspert bildirib.