Tehran vilayətinin 36 saylı Apellyasiya Məhkəməsi 10 azərbaycanlı fəal haqqında ilkin məhkəmənin çıxardığı həbs hökmlərini qüvvədə saxlayıb.
Amerikanın Səsinin əldə etdiyi məlumatlara əsasən, 36 saylı Apellyasiya Məhkəməsi Tehran Ümumi və İnqilab Məhkəməsisinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin çıxardığı hökmləri qüvvədə saxlayıb. Bəzi fəallar apellyasiya məhkəməsinin qərar sənədini sosial mediada yayıb.
Bu qərara əsasən, Araz Əman “casusluq” ittihamı ilə 8 il, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı üçün 5 il, ümumilikdə 13 il həbs cəzası alıb.
Bağır Hacızadə “casusluq” ittihamı ilə 8 il, “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbsə məhkum edilərək ümumilikdə 13 il cəza alıb.
SEE ALSO: Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilibAyaz Seyfxah “casusluq” ittihamı ilə 9 il, “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il olmaqla ümumilikdə 14 il həbsə məhkum edilib.
Kərəm Mərdanə Müstəlibəyli “casusluq” ittihamı ilə 6 il, “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il ümumilikdə 11 il həbs cəzası alıb.
Tahir Nəqəvi 5 il “toplaşmaq və əlbir olmaq” ittihamı ilə və 1 il “sistemə qarşı təbliğat fəaliyyət göstərmək” ittihamı ilə ümumilikdə 6 il həbsə məhkum edilib.
Salar Tahir Əfşar “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzası alıb.
Mürtəza Pərvin “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il və sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 1 il ümumilikdə 6 il həbs alıb.
Həsən İbrahimi “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il həbs cəzası alıb, bunun 2 ili 5 il müddətinə şərti olaraq dayandırılıb.
Səid Minayi “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbsə məhkum edilib.
Fatimə Atəş Xiyavi isə “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzası alıb, bunun 3 ili 5 il müddətinə şərti olaraq dayandırılıb.
Evin həbsxanasında məhkəmə hökmü olmadan saxlanılan türk fəallar (Mənbə: HRA agentliyinin Telegram kanalı)
Beləliklə, 10 fəal “casusluq”, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamlarından təqsirli bilinərək, ümumilikdə 81 il həbs cəzasına məhkum olunub.
Fəallar nə qədər həbsdə qalacaq?
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi, İranın İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, fəalların çəkəcəyi həbs müddəti ilə bağlı məlumat yayıb. Bu maddəyə görə, hər bir cinayət üzrə ayrıca cəza təyin olunsa da, yalnız ən ağır cəza tətbiq edilir.
Bu prinsipə əsasən, iki ittihama görə fərqli cəza verilən milli fəallar Araz Əman 8 il, Bağır Hacızadə 8 il, Ayaz Seyfxah 9 il, Kərəm Mərdanə 6 il, Tahir Nəqəvi isə 5 il həbsdə qalacaq.
Hakim Əbülqasım Salavati
Şəffaf olmayan məhkəmə prosesi
Azərbaycanlı fəallar 2023-cü ilin fevral ayının ilk həftəsində Tehran, Kərəc, Urmiyə, Ərdəbil və digər şəhərlərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq Evin həbsxanasına aparılıblar. Həftələrlə Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxansının 209 saylı bölməsində dindirildikdən sonra həmin həbsxananın ümumi bölməsinə köçürülüblər.
Bir qismi mülki zəmanətlə sərbəst buraxılsa da, başqaları o zamandan indiyə kimi həbsdə saxlanılıb. Bu müddət ərzində fəalların bir çoxu nə istintaq, nə də məhkəmə prosesində vəkilə çıxış əldə edə biliblər. Bu fəalların bəzisi dindirilmə zamanı saxta ifadə vermək üçün ağır işgəncələrə məruz qalıblar. İlkin məhkəmə qərarının bəzən yazılı şəkildə bildirilməməsi və yalnız şifahi elan edilməsi həmin şəxslərin hüquqi vəziyyətini qeyri-müəyyən edib.
Hüquqşünas Sina Yusifi özünün X (keçmiş Twitter) hesabında fəalların apellyasiya məhkəməsində işlərinə baxılmasının qısa müddət ərzində başa çatdırılmasını tənqid edib. “50 cilddən çox və 29-dan artıq müttəhimi əhatə edən bir işə bir həftədən də az müddətdə baxılması və qərar çıxarılması necə mümkündür?!”-deyə, insan haqları fəalı qeyd edib.