Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi azərbaycanlı fəallar Səid Minayi və Aydın (Süleyman) Məhəmmədini ümumilikdə 8 il həbs cəzasına məhkum edib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Şərqi Azərbaycanın Binab şəhərindən olan milli fəal Səid Minayiyə 5 il, Ərdəbildən olan fəal Aydın Məhəmmədiyə isə 3 il həbs cəzası verilib.
Məhkəmə Səid Minayini "milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə təqsirli tanıyıb. Aydın Məhəmmədi isə həm bu ittihamla, həm də "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 3 il həbs cəzasına məhkum olunub.
Səid Minayi bu ilin fevralın 6-da Gilan vilayətinin mərkəzi Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasının Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü. O, 40 günə yaxın müddət nəzarət altında saxlandıqdan sonra, martın 13-də 700 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Aydın Məhəmmədi isə Minayinin həbsindən bir gün əvvəl Ərdəbil şəhərində saxlanılıb, Tehrandakı Evin həbsxanasının 209 saylı təcridxanasına köçürülmüşdü. O da martın 5-də 800 milyon tümən girov qarşılığında məhkəmənin yekun hökmünə qədər müvəqqəti azadlığa buraxılmışdı.
Bu türk fəalların işi üzrə istintaq və məhkəmə prosesi Tehran Ümumi və İnqilab Məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5-ci şöbəsində aparılmış və qərarın verilməsi üçün Tehran İnqilab Məhkəməsinə göndərilmişdi.
Mövcud xəbərlərə əsasən, bu ilin fevralın ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən türk fəallar Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Bağır Hacızadə, Ayaz Seyfxah, Araz Əman, Kamal Nuri, Mürtəza Pərvin, Salar Tahir Əfşar, Hüseyn Piri, Səid Minayi və Aydın Məhəmmədi Tehran İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 76 il həbs cəzasına məhkum edilib.
Forum