Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəal Əbdüləziz Əzimi Qədim təhlükəsizlik qüvvələri tərəfindən yenidən sorğu-suala çəkilərək yeni ittihamlarla qarşılaşıb. Təxminən 10 ay əvvəl həbs edilən və daha sonra 6 il azadlıqdan məhrum edilən fəal təzyiq altında yeni ittihamları qəbul etməyə məcbur edildiyi deyilir.
Amerikanın Səsinin hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, İslam İnqilabı Keşikçilərinin kəşfiyyat qurumu Əzimi Qədimi həbsxanada İran Azərbaycanında siyasi ittifaq yaratmağa cəhd göstərməkdə ittiham edir. Təhlükəsizlik qüvvələri həmçinin onu xaricdəki siyasi fəallarla əlaqələri olduğuna dair saxta etiraf etməyə məcbur etmək üçün təzyiq göstərir və zorla ifadə almağa çalışır.
Milli fəalın ailəsi onun ağır həbsxana şəraitində sağlamlıq durumunun daha da pisləşməsindən ciddi narahatdır. Türk fəal bel və boyun nahiyəsində şiddətli artritdən əziyyət çəkir. Siyasi məhbusun ailəsi dəfələrlə girov müqabilində Əzimi Qədim-in müvəqqəti azadlığa buraxılmasını tələb etsə də, məhkəmə bu tələbləri rədd edib.
Əzimi Qədim bundan əvvəl Tehranın İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavati tərəfindən 5 il müddətinə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” və 1 il müddətinə “rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək” ittihamları ilə həbs cəzasına məhkum edilib. Evin həbsxanasında saxlanılan fəallar Apellyasiya Məhkəməsinə müraciət edərək, verilən hökmə etiraz ediblər.
Bu ilin fevral ayının ilk həftəsində İranın müxtəlif vilayətlərində həbs edilən türk fəalların işi üzrə hakim Əbülqasım Salavati ağır ittihamlar əsasında uzunmüddətli həbs cəzaları çıxarıb.
Milli fəal Əbdüləziz Əzimi Qədim, bundan əvvəl İranda azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətlərinə görə dəfələrlə məhkəmə qarşısına çıxarılıb. Bu fəaliyyətləri nəticəsində o, din xadimi kimi fəaliyyət göstərmək hüququndan məhrum edilib.
Hazırda təhlükəsizlik qüvvələrinin fəal üzərində təzyiqləri davam edir, və ona qarşı irəli sürülən ittihamların daha da ağırlaşdığı bildirilir.
Forum