Ərdəbil sakini olan milli fəal Mürtəza Pərvin, Tehran İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
İnsan haqları fəallarının sosial mediada verdiyi xəbərə əsasən, Evin həbsxanasında saxlanılan Mürtəza Pərvin hakim Əbülqasım Salavatinin sədrliyi ilə Tehranın İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən "sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 1 il, "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edilib.
Türk fəal Mürtəza Pərvin bu il 6 fevral tarixində təhlükəsizlik qüvvələri tərəfindən atası evində həbs edilərək, Evin həbsxanasının 209-cu bölməsinə köçürülmüşdü. Pərvinin həbs olunduğu həftə ərzində İran Azərbaycanının müxtəlif şəhərlərində və eləcə də Əlburz, Tehran və Gilan kimi digər vilayətlərdə yaşayan çox sayda türk fəalı həbs edilmişdi. Bəzi mənbələr ən azı 30 azərbaycanlı fəalın həbs edildiyini bildirirdi. Bu fəallardan bəziləri sorğu-sualdan və Evin həbsxanasının ümumi bölməsinə köçürüldükdən sonra zaminə buraxılsa da, 8 nəfərin nəzarət müddəti uzadılaraq həbsdə saxlanılmışdı.
Mürtəza Pərvin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz həbs olunmasına və saxlanılarkən zorakı rəftara məruz qalmasına etiraz olaraq Evin həbsxanasında aclıq aksiyasına başlamışdı. O, 24 fevral tarixində başladığı aclıq aksiyası müddətində 15 gün ərzində iki dəfə səhhətinin pisləşməsi səbəbindən həbsxananın tibb məntəqəsinə köçürülərək müalicə almışdı. Aclıq aksiyasını başa vurduqdan sonra o, atası ilə görüş zamanı səhhətinin yaxşı olmadığını bildirmişdi. Aclıq keçirdiyi müddətdə bir qrup milli fəal Abbas Lisani ilə birlikdə milli fəalın sənət emalatxanasında toplaşaraq, ondan aclıq aksiyasına son verməsini xahiş etmişdi.
Rəssamlıq və performans sənətləri sahəsində də fəaliyyət göstərən türk fəalı Evin həbsxanasında inqilab məhkəməsinin həbs müddətini dəfələrlə uzatması nəticəsində indiyə qədər təqribən 9 ay müddətində həbsdə saxlanılıb və onun müvəqqəti azadlığa buraxılmasına maneə yaradılıb.
O, Evin həbsxanasında saxlanıldığı müddətdə etiraz simvollarını əks etdirən qara qələm rəsmləri çəkməsinə görə təhlükəsizlik qüvvələri tərəfindən hədələnmişdi.
Forum