Tehran Ümumi və İnqilab Məhkəməsində azərbaycanlı fəalların məhkəmə iclası keçirilib.
Aznews və HRA xəbər saytları məhkəmənin 15-ci şöbəsində fevralın ilk həftəsində həbs edilən bir sıra fəalların məhkəmə iclasının keçirildiyi haqda məlumat verib.
Mayın 20-də Tehran İnqilab Məhkəməsində hakim Əbülqasim Salvatinin sədrliyi ilə milli fəallar Əbdüləziz Əzimi Qədim, Mürtəza Pərvin, Tahir Nəqəvi, Ayda Siddiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Bağır Hacızadə, Kamal Nuri və Abdullah Vahidi mühakimə olunub.
HRA xəbər agentliyi Mürtəza Pərvinin yaxınlarına istinadən xəbər verib ki, məhkəmə iclasında ona qarşı "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq", "rəhbərliyi təhqir etmək" və "casusluq" ittihamları irəli sürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, milli fəal Əbdüləziz Əzimi Qədimə “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları irəli sürülüb.
Hələ ki, bu məhkəmə iclasında mühakimə olunan digər fəalların ittihamları barədə detallı və dəqiq məlumat yoxdur.
Bu gün mayın 21-də həmçinin məhkəmənin eyni şöbəsində azərbaycanlı fəallar Vədud Əsədi və Salar Tahir Əfşara qarşı ittihamlar barədə məlumat verilib. Müdafiə tərəflərinin ittihamlara qarşı özünü müdafiəsi ilə bağlı məhkəməsi növbəti iclasa qədər təxirə salınıb.
Əbülqasim Salavati yüksək rütbəli hakimdir və bir çox müxalif siyasi fəala qarşı ağır hökmlər çıxarmaqla tanınır. O, ABŞ və Avropa İttifaqı tərəfindən İran vətəndaşlarının hüquqlarının geniş və kəskin şəkildə pozulmasında iştirakına görə sanksiyaya məruz qalıb.
Fevralın ilk həftəsində İran Azərbaycanı və digər vilayətlər, o cümlədən Gilan, Tehran və Əlburzda onlarla azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bəzi mənbələr həbs edilən fəalların sayının 30 nəfərə qədər olduğunu açıqlayıb.
Həbs edilən türk fəallar Tehrandakı Evin həbsxanasının 209-cu bölməsinə köçürülərək, sorğu-suala edilib. Bu fəallardan bəzilərinin dindirildikdən sonra girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılmasına icazə verilsə də, hələ də onlardan 9-nun Evin həbsxanasının 4-cü bölməsində saxlanıldığı bildirilir.
Forum