Tehran Apellyasiya Məhkəməsi Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəal Murtəza Pərvinin daha əvvəl İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə təqsirli bilinərək məhkum olduğu 5 illik həbs hökmünü qüvvədə saxlayıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bu barədə məlumat yayıb.
Murtəza Pərvin və keçən ilin oktyabr ayında onunla birlikdə Tehranın İnqilab Məhkəməsi tərəfindən 3 ildən 13 ilə qədər həbsə məhkum edilən digər türk fəalların şikayəti bir neçə gün əvvəl Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilmişdi.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, şöbə digər fəallar barəsində də qərar açıqlayıb. Ancaq bu qərarlar haqqında hələlik dəqiq məlumat yayılmayıb.
Murtəza Pərvin İnqilab Məhkəməsi tərəfindən əlavə olaraq “nizama qarşı təbliğat” ittihamı ilə bir il həbsə məhkum edilmişdi. HRA agentliyinin bildirdiyinə görə, Apellyasiya Məhkəməsi ona bu ittihamdan bəraət qazandırıb.
Pərvinin “nizama qarşı təbliğat” ittihamından bəraət qazanması əməldə onun çəkəcəyi həbs müddətini azaltmır. Çünki, bu bəraət qərarı olmasaydı belə, İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Murtəza Pərvin 6 il həbs çəkməyəcəkdi, bəlkə ona qarşı çıxarılan ən ağır hökm, yəni 5 il həbs cəzası icra ediləcəkdi.
2024-cü ilin fevral ayında İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınıb, Tehranın Evin həbsxanasına köçürülən 30-a yaxın siyasi fəal Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlarla mühakimə edilib.
Forum