Accessibility links

Siyasi məhbus Tahir Nəqəvinin səhhəti kritik vəziyyətə çatıb


Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)
Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquqşünas və siyasi məhbus Tahir Nəqəvinin səhhəti ağırlaşıb. O, tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, lazımi müalicə imkanlarından məhrum edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, həbsxana həkimi bu ilin may ayında Nəqəvinin prostat vəzindəki problemlər və onurğa fəqərələrindəki ağrılarla bağlı MRT müayinəsi üçün onu müvafiq xəstəxanaya göndərməyi təklif edib. Lakin həbsxana rəhbərliyi indiyədək onun tibbi müalicə üçün həbsxanadan kənara göndərilməsinə icazə verməyib. Həkim həmçinin Nəqəvinin ortoped və nevropatoloq nəzarətində müalicəsini zəruri hesab edib. Bununla belə, nə ultrasəs, nə də digər müayinələr həyata keçirilib. Müalicənin gecikməsi Nəqəvinin sağlamlıq durumunun daha da pisləşməsinə səbəb olub.

Yaxınlarının bildirdiyinə görə, Tahir Nəqəvinin vəziyyəti kritik həddə çatıb. Ağrılarından dolayı o, gecələr yata bilmir. Bel, boyun və diz nahiyəsindəki şiddətli ağrılar onu gündəlik həyat fəaliyyətindən məhrum edir. Əlavə olaraq, onun sağ əlində funksionallıq olduqca zəifləmiş vəziyyətdədir.

Nəqəvi bu il fevralda həbs olunmazdan əvvəl keçirdiyi avtomobil qəzasından sonra müalicə alırdı. Lakin müalicə prosesi başa çatmadan həbs edilən fəalın təcridxana və həbsxana şəraitində tibbi yardımdan məhrum edilməsi onun vəziyyətini daha da ağırlaşdırıb. Tibbi ekspertlər bu simptomların təxirəsalınmaz müayinə və müalicə tələb etdiyini vurğulayırlar.

Bununla yanaşı, həbsxana rəhbərliyinin Nəqəviyə qarşı psixoloji və fiziki təzyiqlər tətbiq etdiyi bildirilir. O, son bir ay ərzində üç dəfə müxtəlif bölmələrə köçürülüb. Dekabrın 10-da o, həbsxananın 8 saylı bölməsinə yerləşdirilib və burada digər siyasi məhbuslardan təcrid vəziyyətində saxlanılır. Bildirilir ki, Nəqəvi həbsxana rəisi Hidayət Fərzadinin qohumu Rza Əsədi Nadirabadi nəzarətində olan bölməyə köçürülüb. Bu gözətçinin daha əvvəl iki dəfə Nəqəviyə fiziki hücum etdiyi deyilir.

İyul ayında Evin həbsxanasında gözətçi ilə münaqişə nəticəsində Tahir Nəqəvi həbsxana əməkdaşları tərəfindən döyülmüşdü. Bu hadisə ilə əlaqədar ona qarşı "ictimai asayişi pozmaq və vəzifə başında olan məmurlara qarşı üsyan" ittihamı ilə yeni cinayət işi açılmışdı.

Nəqəvinin ailəsi və yaxınları onun həyatının təhlükədə olduğunu bildirərək, təcili olaraq müvafiq tibbi mərkəzə köçürülməsini və hüquqlarının bərpa edilməsini tələb edirlər.

Tahir Nəqəvi Əlburz vilayətində yaşayan türk fəal və hüquqşünasdır. O, 2024-cü ilin fevralında müxtəlif vilayətlərdəki onlarca azərbaycanlı fəalla eyni vaxtda həbs olunub və Evin həbsxanasının 209 saylı təcridxanasına göndərilib. Həmin vaxtdan etibarən azadlığa buraxılmadan mühakimə edilib və həbsi hələ də davam edir.

Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati onu "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il, "sistem əleyhinə təbliğat" ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Nəqəviyə 2 illik ölkədən çıxış qadağası və sosial hüquqlardan məhrumetmə cəzası verilib.

Forum

XS
SM
MD
LG