Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Tahir Nəqəvi fiziki vəziyyətinin çox pis olması və səhhətinin pisləşməsi səbəbindən aclıq aksiyasını müvəqqəti dayandırıb.
Amerikanın Səsinin məlumatına görə, artıq 5 aydır müddətsiz olaraq həbsdə saxlanılan milli fəal həbsxana həkiminin infarkt ehtimalı ilə bağlı xəbərdarlığından sonra ailəsinin xahişi ilə aclıq aksiyasını müvəqqəti dayandırıb.
Tahir Nəqəvinin qan təzyiqinin 6 ilə 16 arasında tez-tez qalxıb düşdüyü və sabit qalmadığı üçün həbsxana həkimi ona infarkt keçirməsi barədə xəbərdarlıq edib.
Daha sonra siyasi məhbus karantin bölməsindən həmin həbsxananın 6 saylı zalına köçürülüb. Bu zal əmək fəalları zalı kimi tanınır.
Həmçinin əldə edilən məlumata görə, həbsxana gözətçisi ilə münaqişə nəticəsində Tahir Nəqəvinin həbsxana gözətçiləri tərəfindən döyülməsi ilə bağlı bu siyasi məhbus barəsində yeni iş açılıb.
Yeni məhkəmə işinə əsasən, o, “ictimai asayişi pozmaq və vəzifə başında olan məmurlara qarşı üsyan”da ittiham olunub.
Amerikanın Səsinin birbaşa təsdiq edə bilmədiyi məlumata görə, azərbaycanlı siyasi fəalı aşağılayan, təhqir edən, sonra onu döyən gözətçi həbsxana rəisi Hidayət Fərzadi ilə qohumdur.
Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati tərəfindən Tahir Nəqəvinin həbs müddətinin uzadılmaması ilə bağlı xəbər yayılmışdı. Hakimin bu hərəkəti həbsdə olan bu azərbaycanlı vəkilin saxlanmasına etiraz yolunu bağlayır.
Tahir Nəqəvi, Hüseyn Piri və Əbdüləziz Əzimi Qədim ilə birlikdə iyunun 13-də aclıq aksiyasına başlayıb. Qalxanabənzər vəzi xəstəliklərindən və qan təzyiqindən də əziyyət çəkən Tahir Nəqəvi vəziyyəti pisləşdiyi üçün bir neçə dəfə həbsxana klinikasına yerləşdirilmişdi.
Fevralın ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən bu fəallar artıq 5 aydır ki, qeyri-müəyyən və müddətsiz vəziyyətdə Evin həbsxanasında saxlanılır.
Müxaliflərə qarşı uzunmüddətli həbs, edam və sürgün də daxil olmaqla, ağır hökmlər çıxaran Tehran İnqilab Məhkəməsinin hakimi Salavati məhkəmə prosesinin sonuna qədər bu fəalların müvəqqəti azadlığa buraxılması üçün girov qəbul etməkdən imtina edir. Hakimin bu hərəkəti prokurorluğun həmin fəalların müvəqqəti azadlığa buraxılması ilə razılaşdığı vaxta təsadüf edir.
Forum