Evin həbsxanasında nəzarət altında saxlanılan azərbaycanlı fəal Hüseyn Piri iyunun 29-da günorta saatlarında həbsxananın klinikasına yerləşdirilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Piri qan təzyiqinin aşağı düşməsi və halsızlıq səbəbindən klinikaya yerləşdirilib və hazırda müalicə olunur.
Bu azərbaycanlı fəal təhlükəsizlik və məhkəmə qurumlarının qanunsuz davranışlarına etiraz olaraq iyunun 13-dən aclıq aksiyası keçirir.
Eyni həbsxanada saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvinin də bundan əvvəl aclıq aksiyasının təsirindən dəfələrlə klinikaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.
Fevral ayının ilk həftəsində İranın müxtəlif şəhərlərində onlarla türk fəalı həbs edilib. Bəzi mənbələr bu rəqəmin 30-a yaxın olduğunu bildirir. Təcridxanalardan gələn xəbərlər dindirmələr zamanı fəalların pis rəftar və ağır işgəncələrə məruz qalması ilə bağlı narahatlıqları artırıb.
Hazırda Bağır Hacızadə, Araz Əman, Kamal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Hüseyn Piri, Mürtəza Pərvin və Ayaz Seyfxah fevral ayından bəri Evin həbsxanasında qeyri-müəyyən müddətə saxlanılır. Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri iyunun 13-dən aclıq aksiyasına başladığını elan ediblər. Bu isə onların sağlamlıq vəziyyətinin daha da pisləşməsi ilə bağlı ciddi narahatlıqlar doğurur.
Forum