Accessibility links

Tahir Nəqəvinin həbs müddəti uzadılmadan saxlanıldığı bildirilir


Tahir Nəqəvi
Tahir Nəqəvi

Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin nəzarət müddəti hakim tərəfindən uzadılmadan, həbsdə saxlanıldığı bildirilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Evin həbsxanasında nəzarət altında saxlanılan azərbaycanlı siyasi fəalların işi üzrə hakim Əbülqasım Salavati, Tahir Nəqəvinin həbs müddətini uzatmaq üçün qərar çıxarmayıb və bu azərbaycanlı siyasi fəal həbs qərarı olmadan həbsdə saxlanılır. Bu, nəzarət altında saxlanılan vəkil Tahir Nəqəvinin yüksək məhkəmə orqanlarına etiraz hüququnun faktiki olaraq pozulmasına səbəb olur.

İş üzrə hakimin həbs müddətinin uzadılması barədə qərarı olmadan, təqsirləndirilən şəxs üçün həbsin davam etdirilməsinə hüquqi etiraz yolu praktiki olaraq bağlanır.

Bu il iyunun 6-dan bəri hakim Əbülqasım Salavati, Tahir Nəqəvinin həbs müddətini uzatması ilə bağlı qərar çıxarmayıb.

Hüquq müdafiəçisi və hüquqşünas Sina Yusifi də, X hesabında bu məsələ ilə bağlı paylaşım edib və bildirib ki, hakimin hərəkəti əslində müttəhim üçün etiraz hüququnu pozur.

İranın cinayət qanunlarına görə, işin hakimi təqsirləndirilən şəxsin həbs müddətinin hər ay uzadılması barədə qərar çıxarmalıdır. Hakim tərəfindən həbs qərarının uzadılması barədə qərarın verilməməsi İran İslam Respublikasının cinayət qanunlarına ziddir.

Tehran İnqliab Məhkəməsinin hakimi Əbülqasım Salavati
Tehran İnqliab Məhkəməsinin hakimi Əbülqasım Salavati

Əldə olunan məlumata görə, qısaca Təhlükəsizlik Prokurorluğu adlanan Evin həbsxanasının yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğu bu məhbusların müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanət qoyulmasına razılıq verib, lakin hakim Salvati onların zaminə buraxılmasına və müvəqqəti olaraq azadlığa buraxılmasına mane olur.

Əbülqasim Salavati, yüksək rütbəli hakim olaraq, müxalif siyasi fəallara qarşı sərt hökmlər çıxarmaqla məşhurdur. İran vətəndaşlarının hüquqlarının geniş miqyasda pozulmasında rolu olduğuna görə, ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. Onun verdiyi qərarlar arasında uzunmüddətli həbs cəzaları, ölüm hökmləri və ağır cəzalar yer alır. Bu cəzalar, insan haqları təşkilatları tərəfindən geniş şəkildə tənqid edilib.

Bu gün, Evin həbsxanasında saxlanılan üç milli fəalın aclıq aksiyasının 14-cü günüdür. Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri iyunun 13-də aclıq aksiyasına başlayıblar. İki gün sonra digər azərbaycanlı siyasi fəal Ayaz Seyfxah da bu aksiyaçılara qoşulub.

Aclıq aksiyasına başladıqdan sonra Tahir Nəqəvi həbsxana gözətçiləri tərəfindən döyülərək, karantin bölməsinə köçürülüb. O, həmçinin yüksək təzyiq və qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkir və aclıq etdiyi vaxtdan bəri dərman almaqdan imtina etməsi onun sağlamlıq vəziyyətini pisləşdirib. Bu məsələ bu azərbaycanlı vəkilin səhhətinin vəziyyəti ilə bağlı narahatlıqları artırıb.

Forum

XS
SM
MD
LG