Dublində yerləşən “Front Line Defenders” insan haqları qrupu İran rəsmilərindən Tehranın Evin həbsxanasında saxlanılan vəkil Tahir Nəqəvinin dərhal sərbəst buraxılmasını tələb edib.
Beynəlxalq qurum yaydığı bəyanatda keçirdiyi aclıq aksiyasının ardınca xəstəxanaya aparılan türk fəalın sağlamlıq vəziyyəti ilə əlaqədar narahat olduğunu bildirib.
Hüquq müdafiə qurumunun saytında yayılan məlumata görə, aclıq aksiyası keçirən Tahir Nəqəvi iyunun 19-da Evin həbsxanasının klinikasına və oradan Taliqani xəstəxanasına köçürülüb. Siyasi məhbus daha sonra həbsxanaya qaytarılıb.
Fevral ayının 6-da Əlburz vilayətinin Kərəc şəhərində saxlanılan Nəqəvi aylardır məhkəmə hökmü olmadan Evin həsxanasında saxlanılır.
Front Line Defenders Nəqəvinin sırf qanun çərçivəsində göstərdiyi fəaliyyətləri səbəbilə hədəf alındığına inandığını önə çəkərək onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılması və məhkumluğunun ləğv edilməsini tələb edir.
“Tahir Nəqəvi bir insan haqları müdafiəçisi və vəkildir. Bir politologiya fakültəsinin məzunu kimi o, universitet tələbəsi olduğu vaxtlardan bəri etnik icmaların hüquqlarını müdafiə üzrə məqalələr yazıb. O, türklər daxil olmaqla İranda etnik azlıqların üzləşdiyi ayrı-seçkliyə qarşı mübarizə aparıb. O, məhkəmələrdə xüsusilə təhlükəsizlik ittihamları ilə üzləşən məhbusları müdafiə edib,” beynəlxalq qurumun bəyanatında dərc edilib.
Tahir Nəqəvi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.
Forum